Deputat: Beynəlxalq təşkilatlar ermənilərə təzyiq göstərməlidir
20.02.2017 739 0.0 0

“25 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı qəbul edilən qətnamələr yerinə yetirilmir, Ermənistana heç bir təzyiq göstərilmir”.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT-nin qətnamələri yerinə yetirilmir: “Çünki bu təşkilat müstəqil deyil, muzdlu qurumdur. BMT Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı 1992-93-cü illərdə qəbul etdiyi qətnamələrini indiyə qədər icra etdirə bilmir. Çünki bu müstəqil qurum deyil və bu qurumda söz sahibi olan bir neçə dövlət var ki, elə bunların 3-ü də Minsk qrupunun həmsədr dövlətləridir. Bunlar istəmirlər ki, o qətnamələr icra olunsun, əgər o qətnamələr icra olunsa, işğalçı dövlətin qoşunları Azərbaycan ərazilərindən çıxmalıdır. Hələ ki bu baş vermir. Heç bunu nə həmsədr ölkələrdən, nə də beynəlxalq təşkilatlardan gözləmək olar. Biz görürük ki, dünyada yazılmamış qanunlar var, kim güclüdürsə haqq onun tərəfindədir”.

Deputat vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qeyri-qanuni, separatçı, cinayətkar rejimin “referendum” keçirmək cəhdini də beynəlxalq qurumlar etirazla qarşılamır: “Biz beynəlxalq qurumlara, BMT-yə, vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edirik ki, onlar bu qeyri-qanuni qurumun cinayətkar əməllərinin qarşısını alsınlar, ancaq heç bir nəticə yoxdur. Həmin cinayətkar rejim ləğv olunmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir və həmin qurumun üzvləri Azərbaycan qanunları və müvafiq beynəlxalq təşkilatlar qarşısında mühakimə olunmalıdır. Ancaq bu gün bu baş vermir. Yəni belə bir ədalətsiz mövqe mövcuddur. Beynəlxalq qurumlar və həmsədr dövlətlər işğalçını müdafiə edirlər, ona himayədarlıq edirlər, imkan vermirlər ki, Azərbaycan öz ərazilərini işğaldan azad etsin. Deyirlər, bu məsələ sülh yolu ilə həll edilməlidir”.

E.Məmmədov vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və güclü orduya malikdir: “Belə şəraitdə Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün hərbi gücə əl atmaq məcburiyyətində qalır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar