Cahangir Novruzov uzun illərdən sonra Azərbaycan ekranlarında: `Çox həyəcanlıyam`
01.08.2019 114 0.0 0

İllərdir Türkiyədə yaşayıb, qardaş ölkədə pedaqoq kimi fəaliyyət göstərən xalq artisti, tanınmış aktyor və rejissor Cahangir Novruzov uzun fasilədən sonra yenidən Azərbaycan ekranlarına qayıdır.

 Məlumata görə, xalq artisti “Sabah” Yaradıcılıq Birliyinin dəvəti ilə Bakıya gələcək və “Zəng” adlı yeni teletamaşanın çəkilişlərinə başlayacaq:

“Bu yaxınlarda dostum, “Azərbaycantelefilm”in direktoru Ramiz Həsənoğlu və “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri Şərif Qurbanəliyev mənə telefonla zəng etdi. Uzun illərdən sonra yenidən AzTV-də tamaşa ənənəsinin bərpası xəbəri məni çox sevindirdi. Hiss edirəm ki, Azərbaycan Televiziyasında yeni ab-hava yaranıb. Azərbaycan Televiziyasının yeni rəhbəri Rövşən Məmmədovu aldığı qərarlara görə salamlayır, ona işlərində uğurlar diləyirəm. Yeni rəhbərliyə minnətdaram. Ramiz Həsənoğlunun yenidən fəaliyyətə başlaması onu göstərir ki, AzTV-nin yeni rəhbərliyinin apardığı islahatların, Azərbaycan xalqının mədəniyyətinə, mentalitetinin yüksələrək dəyişməsinə böyük yardımları olacaq. Mən buna inanıram. Çox sevinirəm ki, Ramiz Həsənoğlu və Şərif Qurbanəliyev yenidən sevdikləri işlə məşğul olacaqlar. Mən, “İrəli, keçmişə…!” deyə bir şüarı səsləndirirəm.

Nəyə görə “İrəli, keçmişə?” Çünki bir zamanlar birdən-birə o sistem dayandı və dayanan sistemlə birlikdə inkişaf da sona çatdı. Amma itirilən bu qədər illər ərzində necə gözəl tamaşalar çəkilə bilərdi! Bu günün texnikası, imkanları ilə necə gözəl yaradıcılıq işləri ərsəyə gətirmək olardı. Təəssüflər olsun ki, indi bir az gec olsa da, hər şeyi yenidən başlamaq imkanı yaranıb.

Beləliklə, bu yaxınlarda “Sabah” Yaradıcılıq Birliyinin dəvəti ilə Bakıya gələcəm və yeni “Zəng” adlı teletamaşanın çəkilişlərinə başlayacağıq. Şərifin məni dəvət etməsi böyük sürpriz oldu. Uzun illərdən sonra yenidən ekranlara qayıdıb, Azərbaycan xalqını sevindirəcəyik. Xalqımız üçün yeni, ona layiq olan bir əsərlə görüşlərinə gələcəyik. Şərif bu dəfə də bizim köhnə qrupu bir araya gətirib. Uzun zamandan sonra biz – köhnələr, yaşlı sənətkarlar ekrana qayıdırıq. Hazırda “Zəng”in üzərində çalışıram. Çox maraqlı, fantasmoqorik bir əsərdir. Bu əsərlə Azərbaycan tamaşaçısına, uzun illər mənə sosial şəbəkələrdən yazan dostlarıma, heç tanımadığım tamaşaçılarıma yeni əsərin müjdəsini vermək istəyirəm. Mənə yazan tamaşaçılarım ötən illərdə çəkilən teletamaşaları böyük sevgi ilə xatırlayır və hər zaman heyfslənirdilər ki, niyə o əsərlərin davamı olmadı?

“Zəng” teletamaşası ilə qədirbilən tamaşaçılarımıza layiq olduqları gözəl sənət əsərini təqdim edəcəyik. Bu hədiyyəni bütün tamaşaçılarımıza çatdırmaq, sənət dostlarımla bərabər mənim borcumdur. Uzun illərdir bizdən asılı olmayan səbəblərə görə sevimli tamaşaçılarımıza mənəvi borcumuzu qaytara bilmədik. “Zəng” tamaşası ilə borclarımızı yavaş-yavaş ödəməyə çalışacağıq. Bu mənada mən çox sevincli, çox həyəcanlıyam. Şərif Qurbanəliyevin ssenarisini yazdığı yeni teletamaşa fantasmoqorik, təklif olunmuş vəziyyətləri olan əsərdir. Əsərdə ailənin başçısını oynayacağam. Tamaşada düşəcəyim vəziyyət də bir az qəribə və hətta ezoterikdir. İndi əsərin sirrini tamaşaçı üçün açmaq istəmirəm. Qoy, onlara sürpriz olsun. Hazırda, rol üzərində, oynayacağım obrazın xəyalının get-gəlləri üzərində çalışıram ki, mənalı və məzəli olsun”./Yenicag.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar