Bu ölkədə qarğalar təmizlik işlərinə cəlb edilir
29.01.2022 528 0.0 0

İsveçin “Corvid Cleaning” şirkəti qarğalara şəhər küçələrindən siqaret kötükləri və kiçik tullantıları toplamaq üçün təlim keçir, quşlar onları qida ilə əvəz edə biləcək.

Bildirək ki, bu barədə ölkənin TT agentliyi məlumat yayıb.

Quşlar zibil toplamaq və onları əməyin qarşılığında yemək verəcək xüsusi avtomata yerləşdirmək üçün addım-addım kurs keçməli olacaqlar.

”Qarğaları əhliləşdirmək daha asandır və onların bir-birindən öyrənmə şansları yüksəkdir. Eyni zamanda onların səhvən hansısa zibil yeməsi riski də azdır”, - “Corvid Cleaning”in qurucusu Kristian Günter-Hanssen bildirib.

Qarğaların əvvəlcə paytaxt Stokholmun yaxınlığında yerləşən Södertelye şəhərində küçələrin təmizlənməsinə cəlb olunacağı gözlənilir. İlkin hesablamalara görə, quşların köməyi ilə yerli bələdiyyə siqaret kötüklərinin təmizlənməsi xərclərini ən azı 75 % azalda bilər. Əgər pilot layihə özünü doğrultsa, o zaman bu təcrübə ölkənin digər şəhərlərində də tətbiq oluna bilər.

“Keep Sweden Tidy Foundation” qeyri-kommersiya təşkilatının məlumatına görə, hər il İsveç küçələrində 1 milyarddan çox siqaret kötüyü qalır ki, bu da bütün zibillərin 62 %-ni təşkil edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar