Bu həkimlərin orta aylıq əməkhaqqı 680-920 manat oldu
05.12.2017 855 0.0 0

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunda icra etdiyi pilot layihənin statistik məlumatlarını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, pilot layihənin icrasına 01 yanvar 2017-ci il tarixindən başlanılmışdır. Layihə müddətində əhalidən sığorta haqqı toplanılmır.

Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfər təşkil etmişdir.
Layihə çərçivəsində 1829 sayda tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.
9 ayda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında sığorta olunan 104 081 nəfərə 352 271 ambulator xidmət (İlkin Səhiyyə Xidməti xaric), Yevlax rayon Mərkəzi Xəstəxanasında isə 44 202 nəfərə 149 202 ambulator xidmət (İlkin Səhiyyə Xidməti xaric) göstərilmişdir.
Həmin müddətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 11 148 nəfərə 35 515 stasionar xidmət, Yevlax rayon Mərkəzi Xəstəxanasında isə 2 332 nəfərə 3 770 stasionar xidmət göstərilmişdir.

Yanvar-sentyabr aylarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 10 541 nəfərə 14 856 təcili və təxirəsalınmaz tibbi yardım xidməti, Yevlax rayon Mərkəzi Xəstəxanasında isə 3 977 nəfərə 4 657 təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərilmişdir.

2017-ci ilin 9 ayı üzrə Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq 6 059 288,00 və 1 779 879,39 manat (cəmi 7 839 167,39) təşkil etmişdir.

İSX-nin maliyyələşməsi adambaşına ödəniş mexanizminə əsasən həyata keçirilir. Hər ailə həkiminə orta hesabla 2 500 nəfər təhkim olunaraq siyahı hazırlanmış və müvafiq elektron sistemə yüklənmişdir. Təhkim olunmuş əhalinin ailə həkimi seçmək və dəyişmək hüququ vardır.

Qeyd edək ki, baza zərfinə daxil olan tibbi xidmətlərdən bəzilərinin, xüsusilə həyati vacib, dəyəri yüksək əməliyyatların pilot ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrində müvafiq maddi-texniki bazanın və ixtisaslı mütəxəssislərin olmaması səbəbindən icra edilməsi mümkün deyildir. Bu səbəbdən sözügedən xidmətlər Agentliklə müqavilə bağlamış 4 tibb müəssisəsi tərəfindən göstərilmişdir və həmin tibb müəssisələrinə hesabat dövründə 1 651 507,41 manat ödənilmişdir.

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan və baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri AR Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə təsdiqlənmişdir. Pilot ərazilərdə icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan və sığortasız şəxslərə göstərilən xidmətlərdən xəstəxanalara cəmi daxil olan vəsait 801 569,21 manat təşkil etmişdir. 9 ay ərzində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası üzrə bu məbləğ 743 436,37 manat, Yevlax rayon Mərkəzi Xəstəxanası üzrə isə 58 132,84 manat təşkil etmişdir.

İcbari tibbi sığorta (İTS) çərçivəsində həkimlərin əmək haqlarına 2 növ - İTS-in həyata keçirilməsi ilə əlaqədar olaraq həkimlərin həvəsləndirilməsi məqsədilə əmək haqlarına tətbiq edilən stimullaşdırıcı əlavələr və həkimlərin fəaliyyətinin kəmiyyət göstəricilərinin dəyərləndirilməsi məqsədilə tətbiq edilən əlavələr tətbiq edilmişdir.

Eyni zamanda, orta və kiçik tibb işçilərinin əmək haqları artırılmışdır.
Əmək haqlarının artımı ilə bağlı xəstəxanalar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 9 aylıq məcburi sosial sığorta haqları 1,6 dəfə artmışdır.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim heyəti üçün orta aylıq əmək haqqı 920 manat, Yevlax rayon Mərkəzi Xəstəxanasında 680 manat, orta tibb işçiləri üçün müvafiq olaraq 330 manat və 310 manat, hər iki ərazi üzrə kiçik tibb işçiləri üçün 220 manat təşkil etmişdir./Trend/


Digər xəbərlər:
Şərhlər
avatar