Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
31.12.2021 308 0.0 0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynayır.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan şöbəsinin 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin sökülməsi haqqında qərar qəbul etməsi ilə başlamışdır. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri  söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.

1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Muxtar Respublikasında geniş qeyd edildi.

1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. 

Elə həmin il xalqın tələbi ilə Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlıların Həmrəylik Günü elan edib. Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.  

Qazeta.info saytı harada məskunlaşmasından aslı olmayaraq bütün Azərbaycanlıları Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə təbrik edirk!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar