Tarix: 03.12.2016,   Saat: 15:35, Şənbə.          

Bricit Brink: `Dağlıq Qarabağ münaqişəsindəki status-kvo qeyri-stabildir`

Aprel hadisələri  Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qeyri-stabil olduğunu göstərdi.
 

APA-nın “RİA Novosrti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib.  
 
“Biz həqiqətən hesab edirik ki, status-kvo qeyri-stabildir”, - deyə Brink ABŞ-ın İrəvandakı səfirliyində jurnalistlərlə görüşündə bildirib.  
 
O, etimad tədbirlərinin möhkəmləndirilməsi, danışıqların bərpa edilməsi istiqamətində iş aparılmasının vacib olduğunu  qeyd edib: “Münaqişənin nizamlanması Ermənistan üçün də müsbət olacaq”.   
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
 
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.



  Bölmə: Gündəm | Baxış sayı: 237 | Tarix: 17.11.2016, 23:13


Xəbərlər