Binəqədidə yanan binanı üzləyən şirkət təsisçisinin sürücüsü: `Yanğından sonra MTN-ə getdik`
17.11.2016 984 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahidlər dindirilib.

 

Rasim Qəhrəmanov ifadəsində deyib ki, 1998-ci ildən təqsirləndirilən Miryusif Mahmudovun sürücüsü olub. O bildirib ki, yanğın baş verən gün M. Mahmudovu yanan binaya aparıb: "Mən də avtomobildə gözlədim. Az sonra Miryusif müəllim gəldi, gördüm ki, rəngi ağarıb və özünü pis hiss edir. Maşında sakitləşdirici dərman vardı, onu qəbul etdi. Sonra “evə sür” dedi, amma yolda ona zəng gəldi. Mənə dedi ki, MTN-dən zəng ediblər, ofisə getməliyik. Saat 12:00 radələrində ofisə çatdıq, həyətdə naməlum adamlar vardı. Sonra Miryusif müəllimlə iki nəfər tanımadığım adam gəldi. Maşına oturdular, MTN-nə getdik. Miryusif Mahmudov mənə dedi ki, sən gözləmə, uşaqları dərsdən götür, xəbər edəcəm sənə. Axşam saat 18:00 radələrində mənə zəng etdi və prokurorluğa gəlməyimi tapşırdı".

 

Təqsirləndirilən M. Mahmudov sürücüsünə izlənib-izlənmədiyi barədə sual verib. R. Qəhrəmanov da qeyd edib ki, 3-4 dəfə tanımadıqları şəxslər tərəfindən avtomobilləri izlənilib.

 

Elbrus Sultanov ifadəsində qeyd edib ki, "Global Constuction" MMC-də mühafizəçi vəzifəsində çalışıb. Onun sözlərinə görə, yanğın hadisəsi baş verən gün saat 11:00 radələrində şirkətin qapısı sərt şəkildə döyülüb və 3-4 nəfər mülki geyimli MTN əməkdaşı içəri daxil olub: "Qapını da bağladılar, biri də mənim yanımda dayandı. Şirkətdən sənədləri avtomobilə yükləyib aparırdılar. Ümumilikdə ofisə 12-13 nəfər MTN əməkdaşı gəlmişdi. Təxminən yarım saat sonra Miryusif müəllim şirkətə gəldi. Sonra prokurorluq əməkdaşları gəldi, onlar da şirkətdən kompüter apardılar".

 

 

Zaur Əbilov ifadəsində qeyd edib ki, 2012-ci ildən “Global Constuction" MMC-də menecer vəzifəsində çalışıb. Şahid deyib ki, təsisçilər şirkətin idarə edilməsinə müdaxilə etməyiblər: "Yanğın baş verən gün ofisdəydim. Ön qapı döyüldü, 4 nəfər şəxs içəri daxil oldu. MTN əməkdaşları vəsiqə göstərərək, yuxarı qalxdılar. Onları İlqar müəllim qarşıladı. Ofisin içində də, həyətdə də, çöldə də MTN əməkdaşları şirkəti mühasirəyə almışdı. Şirkətdə olan sənədləri araşdıraraq, özləri ilə apardılar".

 

Digər şahid Samir Əsgərov isə bildirib ki, "Global Constuction" MMC-də mühafizəçi vəzifəsində çalışıb. O da, şirkətə MTN-in əməkdaşlarının gəldiyini deyib.

 

 

Proses noyabrın 22-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar