Binəqədidə yanan binada təqsirləndirilənlər son söz dedi
23.01.2017 1030 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin mayında Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Ə.Əsgərov son söz deyib. O, hadisədə təqsirsiz olduğunu və məhkəmədən bəraət hökmü gözlədiyini deyib.

Prosesdə son söz deyən digər təqsirləndirilən Ə.Rəcəbov da məhkəmədən bəraət istəyib və ittihamlarla razılaşmayıb. Digər təqsirləndirilən şəxs N.Orucov son sözünü deyərkən hadisədə həlak olanların yaxınlarına başsağlığı verib. O, günahsız olduğunu və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxs M.Mahmudov bildirib ki, məhkəmənin ədalətli qərar çıxaracağına inanır. Digər təqsirləndirilən şəxs Uğur Bəşirov isə çıxış etməyə hazır olmadığını deyib. Buna görə də prosesin davamı yanvarın 26-a təyin edilib.

Prokuror çıxışında M.Mahmudovun 10 il, U.Bəşirovun 8 il, Ə.Əsgərov, Q.Novruzov və Ə.Rəcəbovun 7 il, N.Orucov, A.Məmmədov və A.Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi M.Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru U.Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ə.Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ə.Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi N.Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Q.Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri A.Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru A.Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar