Bayramda allergik qidalara diqqət edin
18.03.2022 326 0.0 0

Novruz bayramı günlərində diqqət edilməli vacib nüanslardan biri də allergik reaksiyalardır.

Qida allergiyası – tərkibində allergenlərin olduğu qida məhsullarının istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır. Qida məhsullarının səbəb olduğu anafilaksiya – ciddi allergik reaksiya olub, qəfil meydana gəlir ki, bu zaman ölüm belə baş verə bilər. Allergik reaksiyalar adətən qidanın istehlakından bir neçə dəqiqə sonra başlayır və 2 saat ərzində özünü göstərə bilir.

Qida allergiyası adətən 2 yaşdan etibarən özünü büruzə verir. Yerfındığı və qoz-fındıq kimi çərəzlərə qarşı allergiya isə yetkin yaşlarda da müşahidə olunur.

Ümumilikdə bu reaksiyalara səbəb olan 170 növ qida məhsulu mövcuddur ki, onlara süd, yerfındığı, qoz, buğda, soya, balıq, yumurta və digər məhsullar aid edilir.

Novruzda yumurta boyanması zamanı kimyəvi maddələrdən istifadə edilməsi xüsusilə də uşaqlarda müəyyən fəsadlara səbəb ola bilər. Qeyd edək ki, uşaqlarda yumurtaya qarşı (toyuq yumurtası) allergik reaksiya daha geniş yayılıb və bu prosesdən erkən yaşda uşaqların 1-2 %-i əziyyət çəkir. Eyni zamanda inək südündə olduğu kimi, uşaqlıq və yeniyetməlik dövründə də orqanizmdə dözümlülük yaradır. Yumurtaya qarşı allergiya mütəmadi şəkildə aeroallergenlərə qarşı həssaslığa gətirib çıxarır ki, bu da sonralar astmanın inkişafına səbəb olur.

Bu qida məhsuluna qarşı allergik reaksiyanın simptomları həzm sistemi pozuntuları, xüsusən də qarın nahiyəsində ağrılar, dəridə səpgilər, eləcə də respirator problemlər, nadir hallarda isə anafilaksiyadır. Allergik reaksiya yumurta zülalına və ya sarısına qarşı yarana bilər. Lakin aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, allergiyaya səbəb olan zülalların əksəriyyəti yumurta ağında olur. Qeyd edək ki, yumurtanın tam bişirilməsi zamanı zülalların molekulyar strukturu dəyişir, bu da orqanizmin həmin zülalların zərərli maddə kimi qəbuluna mane olur.  

Güclü allergik qidalar hesab edilən qoz, fındıq, badam, fıstıq kimi çərəzlərə gəldikdə, bu çeşid qidalara qarşı allergiyası olanlar onlardan hazırlanan məhsullardan da imtina etməlidirlər. Həmçinin yalnız bir növ çərəzə qarşı allergiyası olanlar digərlərindən də istifadə etməməlidirlər. Çünki bir növ çərəzin səbəb olduğu allergik reaksiya digərlərinə qarşı da allergiya riskinin yaranmasına səbəb olur. Bəzi allergik qidalardan fərqli olaraq, çərəzlərə qarşı allergiya ömür boyu qalır. Xüsusən də yerfındığına qarşı allergik reaksiya üzündən hətta anafilaksiya halları belə baş verir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8 %-i, yetkin insanların isə 1-2 %-i əziyyət çəkir.

Novruzun əvəzedilməz şirniyyatlarının hazırlanmasında istifadə olunan digər başlıca məhsul buğda unudur. Buğdaya qarşı allergiya məhsulda aşkar olunan bir növ zülala qarşı allergik reaksiyadır və həzm prosesində pozuntulara, qusma, səpki, ödem, daha ağır hallarda isə anafilaksiyaya səbəb ola bilir. Oxşar simptomlara görə buğda allergiyası qlütenə qarşı dözümsüzlüklə qarışdırılır. Halbuki buğdaya qarşı allergik reaksiya onun tərkibində olan yüzlərlə zülalın yalnız birinə qarşı verilmiş immun cavabdır.

Qazlı-şəkərli içkilərdən də allergik reaksiyalar baş verir. Bu içkilərin əsas  inqrediyentlərinə su, karbon qazı, dadlandırıcı, aromatizator, rəngləyici maddə və turşular daxildir. Ona görə də həddindən artıq qəbul ediləndə maddələr mübadiləsini pozmaqla yanaşı, güclü allergik reaksiyalara səbəb ola bilir.

AQTİ “Elmi Araşdırmalar Mərkəzi”

A. Həsənova 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar