Bayram Kürdəxanılı bağladı - HƏM QAFİYƏNİ, HƏM HƏYATA GÖZLƏRİNİ
23.08.2017 2528 0.0 0

"Toydan gəlirmiş. Maşından düşüb yolu keçəndə, bu tərəfdən gələn maşın vurub. Gecə olub, saat ikinin yarısı. Elə vuran özü maşına qoyub, xəstəxanaya aparıb. Qardaşına zəng eləyib. Getdik Sabunçuya, xəstəxanaya. Keçindi, artıq gec idi. Çox əzilmişdi". Bu fikirləri Kürdəxanı sakini Süleyman Muradov deyir. Söhbət ötən gecə Kürdəxanıda "Peugeout" markalı avtomobilin vurması nəticəsində dünyasını dəyişən meyxanaçı Bayram Kürdəxanılıdan gedir.

 

Kürdəxanı qəsəbəsində Bayramın yaşadığı evin qarşısında yas çadırı qurulub. İçəridə yaxın qohumları və kənd sakinlərindən başqa kimsə yoxdur. İllərdir Bayramla məclislərdə qafiyə açıb meyxana deyən sənət yoldaşlarının məclisə gəlməməsinin səbəbini mərhumun xalası oğlu Süleyman Muradovdan soruşuruq:

 

"Xəbər tutanlar gələcəklər. Hələ indi-indi xəbər tuturlar. Gecəyarı kim xəbər tutacaqdı ki? Özü ilə toyda olanlara zəng olunub deyilib".

 

Daxili İşlər Nazirliyi də meyxanaçı Bayram Kürdəxanalının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən Bayram Quliyev orada ölüb.

 

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Bu da belə...Bayram Kürdəxanılı ötən gecə iştirak elədiyi toyda sonuncu qafiyəsini açdı, elə özü də bağladı. Həm qafiyəni, həm də həyata gözlərini./APA TV/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar