Baş pediatr: `Süni mayalanma ilə doğulan uşaqlarda risk faktorları daha yüksək olur`
29.11.2016 584 0.0 0

“Süni mayalanma məsələsində pediatr və mama-ginekoloqlar arasında narazılıq var”
 
“Azərbaycanda süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarda olan risk faktorları digər uşaqlara nisbətən  daha yüksək olur”.  Məlumata görə, bunu  Səhiyyə Nazirliynin baş pediatrı, Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə bildirib.  
 
N. Quliyev deyib ki, həm hamiləlik dövründə, həm də doğuşdan sonra belə uşaqların sağlamlığı ilə bağlı bir sıra risk faktorları yaranır.
 
Azərbaycanda son illər süni mayalanmanın sayında artımın olduğunu deyən N.Quliyev vurğulayıb ki, bu məsələdə həkim pediatr və mama ginekoloqlar arasında narazılıq var: "Müəyyən problem mövcuddur. Əslində süni mayalanma ilə uşaqlar doğularkən mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə nəzərə almalıdır ki, uşaqların sayı bir və ya ikidən çox olmasın. Lakin həmin şəxs özünü sığortalamaq, gələcəkdə ona verilən pulu geri qaytarmamaq üçün bir neçə mayalanmış yumurtanı anaya implantasiya edir ki, hamiləliyin baş tutması reallığı yüksək olsun. Elə analar da olur ki, bu yumurtaların hamısı tutur və nəticədə çoxdöllü hamiləlik yaranır".
 
 
Baş pediatr əlavə edib ki, yumurtaların sayı 2-dən çox olduqda mütəxəssislər müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini reduksiya edə, yəni götürə bilər: "Lakin bunu da etmirlər. Nəticədə çoxdöllülük həm ana, həm də uşaq üçün böyük risk yaradır. Çox döllü hamiləlik əslində ən yuxarı səviyyəli doğuşayardım müəssisəsində həll olunmalıdır. Çünki burada böyük risk var. Biz uşaq həkimləri olaraq süni mayalanmada  hamiləliyin ya tək, ya da əkiz olmasının tərəfdarıyıq. Əgər ana süni mayalanma nəticəsində beşəm dünyaya gətirəcəksə, burada ilk gündən risk faktoru meydana çıxır. Ona görə də hamiləliyin ilk həftəsindən-döllənmiş embrionlar inkişaf etməyə başladığı vaxtdan mütləq tədbir görülməlidir. Bunu etmədikdə nəticə ürəkaçan olmur"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar