Baş direktor: TANAP-a daha iki ölkə qoşula bilər
22.04.2016 549 0.0 0

Trans-Anadolu qaz boru xətti (TANAP) layihəsinə daha iki ölkədən qazın nəql edilməsi mümkündür. "Milliyyet" qəzetinə istinadən xəbər verilir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

Baş direktorun sözlərinə görə, Şimali İraq və Türkmənistanda hasil olunan təbii qazın TANAP vasitəsilə nəql olunması məsələsi gündəmə gətirilib: "İraqda qaz yataqları var ki, onları TANAP-a daxil etmək mümkündür. Bununla bağlı danışıqlar aparılır. Türkmənistan qazı da TANAP vasitəsilə nəql oluna bilər".
 
TANAP-a Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.

Kəmərin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
 
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
 
TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAS - 30%./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar