Bakının 9 küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı ayrılacaq
10.10.2017 328 0.0 0

"Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə verib və nəqliyyat axının optimallaşdırılması üzrə işlərin davamı olaraq, əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb".

Məlumata görə, bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.

"Bu il pilot layihə olaraq, Məhəmməd Füzuli və Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub. Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək", - deyə o əlavə edib.

Vüsal Kərimlinin sözlərinə görə, bundan başqa, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb:

"Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə “Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir. “Dərnəgül”, “Avtovağzal” və “28 May” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar