Bakını xaosa sürüyənlər
30.03.2015 679 0.0 0

"Beynəlxalq tədbirlər ərəfəsində bəzi xarici dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana təzyiqlər edilir, müxtəlif xarakterli böhtanlar atılır. Bunun arxasında isə Ermənistan və erməni lobbisi durur". 

Qazeta.info bunu Anspress-ə açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Politoloq bildirib ki, onların niyyəti Azərbaycanın artan nüfuzunu zədələmək, ölkəni gözdən salmaqdır. 

"Azərbaycan beynəlxalq münasibətlərdə aktiv rol oynayır, iqtisadi və siyasi cəhətdən getdikcə güclənir. Ermənistanın mövqeyi isə əksinə, zəifləyir. Bundan başqa, Azərbaycan G20 dövlətlərinin sammitinə dəvət olunub. Postsovet məkanında Rusiyadan sonra heç bir dövlət bu sammitdə iştirak etməyib. Bu, Azərbaycan üçün böyük göstəricidir və ölkəmiz danışıqlar masasında daha güclü görünür. Bu isə onları narahat edir. Ona görə də Ermənistan və tərəfdaşları ölkəmizin beynəlxalq aləmdəki mövqeyini, dinamik rolunu, nüfuzunu heçə endirməyə çalışırlar", - deyə Qabil Hüseynli vurğulayıb. 

Azərbaycanın xarici təzyiqlərə məruz qalmasını şərh edən ekspertin sözlərinə görə, bu təzyiqlərin arxasında tək erməni deyil, yunan lobbisi də var. Çünki bir sıra beynəlxalq məsələlərdə onlar ortaq mövqedən çıxış edirlər. 

Politoloq Tofiq Abbasovun fikrincə isə təzyiqlərin kökündə dünyanın fövqəlqüvvələri və onların strateji maraqları durur. "Çünki onlar öz mövqelərini müxtəlif bölgələrdə, qitələrdə möhkəmlətmək niyyətindədirlər. Bəzi dövlətlər, qərb koalisiyası dünyanın formatını dəyişmək, yenidən transmilli şirkətlərin maraqlarını müxtəlif yerlərdə yerləşdirmək istəyirlər. Azərbaycanın yerləşdiyi Xəzər, Qafqaz bölgəsi isə həm strateji, həm də təbii resursların zənginliyi baxımından çox əhəmiyyətlidir. Bundan başqa, Azərbaycanın yürütdüyü müstəqil siyasət, innovativ proqramlar, islahatlar xalqın rifahına, yüksəlişinə xidmət edir. Bu isə həmin xarici qüvvələri qıcıqlandırır. Buna görə də onlar Azərbaycanda gedən prosesləri obyektiv qiymətləndirmək əvəzinə, qərəzli mövqe nümayiş etdirirlər", - deyə politoloq həmçinin bildirib ki, xarici qüvvələr Gürcüstan, Ukrayna, Rusiya, Moldovada olduğu kimi Azərbaycanda da xaos yaratmaq niyyətindədirlər. "Onlar cəmiyyətə, insanlara, onların düşüncələrinə təsir etmək, onların fikrini yayındırmaq istəyirlər".

Tofiq Abbasovun fikrincə, hazırda Azərbaycan xalqı, siyasi elitası, ictimai fəalları içərisində bir ruh yüksəkliyi, mənəvi səfərbərlik var. "Prezident İlham Əliyevin bu haqda çıxış etməkdə məqsədi də xalqı bu xarici təzyiqlər, Azərbaycanın elan olunmamış müqavimətlə qarşılaşması haqqında xəbərdar etməkdir. Ona görə, həm siyasi elita, həm ictimai qüvvələr bu proseslərdən agah olmalı, onlara qarşı əks-tədbirlər hazırlamalıdır", - deyə politoloq əlavə edib.

Politoloq Rasim Ağayev də Azərbaycana göstərilən xarici təzyiqlərin arxasında Qərb dövlətlərinin olduğunu düşünür. "Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin özü Azərbaycana və Ermənistana təzyiq göstərmək məqsədilə yaradılıb. Bununla belə, Rusiya başda olmaqla, demək olar ki, bütün dövlətlər Ermənistanın tərəfini saxlayırlar. Amma Azərbaycan münaqişədə qəti mövqeyini ortaya qoyandan sonra insan haqları adı altında Azərbaycana təsir etməyə başlayıblar. Ümumiyyətlə isə, ABŞ başda olmaqla, Avropa - Qərb dövlətləri ölkəmizə müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. İstər Qarabağ münaqişəsi, istərsə də insan haqları adı altında müxtəlif təşkilatlar vasitəsilə Azərbaycana təzyiq göstərmək, onun nüfuzunu azaltmaq və öz maraqlarını təmin etmək istəyirlər", - deyə politoloq əlavə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar