
Bakıda yanvarın 25-də baş vermiş quldurluq hadisəsi isti izlərlə açılıb.
Qazeta.info bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.
Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.