Bakıda bir milyon manatlıq oğurluq edən gəncin apellyasiya şikayətinə baxılır
11.05.2016 517 0.0 0

 Bakı Apellyasiya Məhkəməsində 17 yaşında silsilə oğurluq törətmiş İsmayıl Qəhrəmanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
 
Məlumata görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 27-ə təyin edilib.
 
Qeyd edək ki, bir müddət əvvəl  Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda silsilə oğurluq əməlləri törədən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namazov və 1988-ci il təvəllüdlü Fərid Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmünə əsasən, İsmayıl Qəhrəmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər barəsində isə bəraət hökmü çıxarılıb.
 
Astara sakini olan İsmayıl Qəhrəmanov 2013-cü ildə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. Onun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etdiyi məlum olub. Zərərçəkənlərin müraciəti və ilkin araşdırmalarla müəyyən edilib ki, İ. Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində  qızıl və müxtəlif valyutalar ələ keçirib.
 
Sonrakı araşdırmalarla onun başqa rayonların ərazilərində də xeyli mənzili taladığı məlum olub. Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. Məlum olub ki, İ. Qəhrəmanovun oğurluqla qazandığı sərvət 1 milyon manat civarındadır.
 
Peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. O, polisə verdiyi bütün ifadələrində deyib ki, pulları dostları ilə qızlara xərcləyib, hərdən isə qohumlarına əl tutub.
 
Həmin hökmdən İsmayıl Qəhrəmanov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib. Dövlət ittihamçısı isə bəraət verilən digər şəxslərin həbs olunaraq cəzalandırılmalarına dair apellyasiya protesti verib. Hazırda həm protestə həm də şikayətə baxılır. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar