Bakı meriyası şəhər içində mitinq keçirməyə icazə verməyib
26.09.2019 656 0.0 0

Bakı meriyası sentyabrın 28-də Demokratik Qüvvələrin Milli Şurasının şəhərdən kənarda mitinqinə icazə verib. Bu barədə bu gün meriyanın aksiya təşkilatçılarına cavabından məlum olub.

Xalq Cəbhəsi Partiyasından Turan-a verilən məlumata görə, meriyanın cavabında deyilir ki, aksiyanı Lökbatan qəsəbəsində "Neftçi" klubunun idman bazasında keçirmək olar.

Qeyd edək ki, Milli Şura üç yerdən birində: metronun "28 may" stansiyasının qarşısında, T.Bəhramov adına stadionun qarşısında və ya Nərimanov parkı qarşısındakı meydanda aksiya keçirməyə icazə istəyib.

Xalq Cəbhəsi Partiyasının Məclis sədri Nurəddin Məmmədli Turan agentliyinə bildirib ki, meriyanın təklifi müzakirə ediləcək, bundan sonra qərar qəbul ediləcək.

AXCP sədri Əli Kərimli də bənzər fikir bildirib, mitinqin şəhər kənarında keçirilməsinin mənasız olduğunu qeyd edib. "Meriyanın cavabı, faktiki olaraq, aksiya keçirilməsindən imtina deməkdir", deyə o qeyd edib.

Xatırladaq ki, etiraz mitinqinin seçki islahatları aparılması, siyasi məhbuslara azadlıq, tibbi sığorta sisteminin tətbiqi, əhali üçün enerji daşıyıcıları limitinin ləğv edilməsi tələbləri ilə keçirilməsi planlaşdırılırdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar