Bəzi aksizli mallara tətbiq edilən imtiyazlar ləğv oluna bilər
14.03.2018 427 0.0 0

Martın 14-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qazeta.info DGK-nin məlumatına əsasən bildirir ki, A.Əliyev Azərbaycan gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması istiqamətində məqsədyönlü işlərdən danışıb.

Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verildiyini, Azərbaycan Gömrük Xidmətinin ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması naminə biznes subyektlərilə hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayan DGK sədri Azərbaycanda Amerika Ticarət Palatası ilə əməkdaşlığın buna əyani misal olduğunu söyləyib.

Aydın Əliyev Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Palata üzvləri arasında vaxtaşırı keçirilən görüşləri xatırladaraq bu faydalı əlaqələrin daha da gücləndiriləcəyinə və inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Amerika Ticarət Palatasının (AMCHAM) prezidenti Nuran Kərimov Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığa çox böyük önəm verdiklərini bildirib, bu əlaqələrin dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Görüşdə, eyni zamanda, Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri tərəfindən təqdim olunan bir sıra məsələlər barəsində müzakirələr aparılıb. Belə ki, palata üzvləri kontrafakt məhsullara qarşı mübarizə,paralel idxal,qacaqmalçılığa, xüsusilə aksizli malların qaçaqmalçılığına qarşı mübarizə tədbirləri, gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələlər, gömrük təmsilçiliyi ilə əlaqədar yaranan problemlər, xüsusilə gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişi, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə qaydaları və.s məsələlərlə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıblar.

Kontrafakt məhsullara, eləcə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində aparılan işlərdən ətraflı bəhs edən DGK sədri Aydın Əliyev konkret olaraq aksizli malların qaçaqmalçılığına gəlincə, gömrük orqanlarının bu kimi hallara qarşı da qətiyyətli mübarizə apardığını, lakin bəzi hallarda tütün məmulatlarının, spirtli içkilərin gətirilməsi ilə bağlı mövcud qanunvericilikdə nəzərdə tutulan xüsusi imtiyazlardan kommersiya məqsədləri üçün istifadə edildiyini, bu kimi halların qarşısının alınması üçün artıq müəyyən təkliflərin hazırlanaraq hökumətə təqdim olunduğunu diqqətə çatdırıb.

Gömrük anbarlarının fəaliyyəti və tikintisi ilə bağlı məsələyə də aydınlıq gətirən Komitə sədri ölkəmizin istər giriş-çıxış qapılarında, istərsə də Bakıda kifayət qədər gömrük anbarlarının fəaliyyət göstərdiyini, gələcəkdə zərurət yaranarsa yeni gömrük anbarlarının tikintisi məsələsinin nəzərdən keçiriləcəyini bildirib.

"Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə etmiş şirkətlərin qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qaydasında olarsa heç bir problem yaşana bilməz-deyən DGK sədri bu istiqamətdə infrastrukturun daha da genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Paralel idxal məsələsinə də toxunan Komitə sədri bu kimi halların qarşısının alınması ilə bağlı mövcud qanunvericilikdə heç bir məsuliyyətin nəzərdə tutulmadığını, lakin palata üzvləri tərəfindən verilən təkliflərin nəzərdən keçiriləcəyini qeyd edib.

Gömrük təmsilçiliyi məsələsinə gəlincə, Aydın Əliyev bildirib ki, indi bütün gömrük prosedurları elektron formada həyata keçirilir və vasitəçi olmadan istənilən hüquqi və fiziki şəxs bu elektron xidmətlərdən istifadə edə bilər. Gömrük bəyannamələrinin doldurulması zamanı yol verilən səhvlərin düzəlişinin gömrük orqanlarının fəaliyyətində müəyyən problemlər yaratdığını, əlavə vaxt itkisinə səbəb olduğunu bildirən Aydın Əliyev bu proseslərdə şirkətlər tərəfindən daha peşəkar təmsilçilərə müraciət olunmasının vacibliyini diqqətə çatdırıb.

DGK rəhbərliyinin gömrük işinin bütün istiqamətlərdə beynəlxalq standartlara uyğun aparılmasında, eləcə də gömrük xidmətinin səmərəliliyinin artırılması və şəffaflığın təmin edilməsində maraqlı olduğunu vurğulayan DGK sədri Aydın Əliyev Azərbaycan gömrüyündə istər AMCHAM üzvü olan, istərsə də digər konsaltinq şirkətlərinin müvafiq monitorinq apara biləcəklərini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda yaxın perspektivdə qaldırılan məsələlərin daha konkret və detallı müzakirəsi üçün AMCHAM üzvü olan şirkətlərin rəhbərləri ilə gömrük rəsmiləri arasında toplantıların keçirilməsi qərara alınıb.

Görüş başa çatdıqdan sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar