Azad Suriya Ordusu: Əsəd İŞİD və PKK ilə birgə hərəkət edir
26.10.2016 573 0.0 0

Suriyanın şimalında Türkiyənin dəstəyi ilə "Fərat qalxanı" əməliyyatının gedişində 99 İŞİD və 18 PYD/PKK mövqeyinə zərbələr endirilib. APA TV-nin Məlumatına görə, Türkiyə Silahlı Qüvvələri faktı təsdiqləyib.

Susiyan bölgəsində iki İŞİD terrorçusu məhv edilib, radikal qruplaşmaya aid bir maşın sıradan çıxarılıb, terrorçuların qərargah kimi istifadə etdiyi bina bombalanıb.

 

Azad Suriya Ordusunun komandanlığından iddia edilib ki, Əsədə bağlı qüvvələr Hələbin şimalında İŞİD və PYD/PKK terrorçuları ilə bərabər hərəkət edir.

Müxaliflərin komandanlığından həmçinin qeyd edilib ki, onlarla döyüşlərdə uğur qazana bilməyən Əsəd qüvvələri İŞİD-ə dəstək verərək onlardan və PKK-nın Suriya qolu olan PYD-dən istifadə edir.

İŞİD-in əldən verdiyi kəndlərə bomba yüklü maşınlarla hücumlara cəhd etdiyi də vurğulanır. Əsədə bağlı qüvvələrin Azad Suriya Ordusunun irəliləməsini əngəlləmək üçün bütün variantlardan istifadə etdiyi deyilir.

Xatırladaq ki, Azad Suriya Ordusunun əsas hədəfi İŞİD-in nəzarət etdiyi və güc topladığı Əl Bab şəhəridir. "Fərat qalxanı" əməliyyatına start verildiyi gündən adı çəkilən şəhər PYD-nin də hədəfində olub. Türkiyənin dəstəklədiyi Suriya müxalifəti Fərat çayının şərq və qərb istiqamətində kontonları birləşdirməsi üçün bu şəhər İŞİD-dən təmizlənməlidir. Əl-Bab azad edilərsə bu, bölgədə PYD-nin də planlarını alt-üst edəcək.

Qeyd edək ki, oktyabrın 26-sı gecə saatlarında Azad Suriya Ordusunun hərəkətinin qarşısını almaq məqsədi ilə Əsəd qüvvələri və PYD bölgədə müxaliflərə havadan və qurudan ortaq zərbələr endirib. Nəticədə müxalif cəbhə itki verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar