Azərbaycandan Almaniyaya: «...qərəzli, birtərəfli...»
03.08.2015 668 0.0 0

Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) ictimai yayım şirkəti tərəfindən 31 iyul 2015-ci il tarixində efirə gedən “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı veriliş qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar xarakter daşıyır.

Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Deutsche Welle” (DW) tərəfindən hazırlanan verilişə münasibət bildirərkən deyib.

Məlumata görə, H.Hacıyev DW-in öz çəkiliş qrupunu qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması kimi qiymətləndirib.

Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır.

Lakin, verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir.

 


Hikmət Hacıyev- XİN mətbuat katibi


Mahiyyət etibarilə, veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır.

Bu veriliş vasitəsilə DW dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət etdiyini deyən H.Hacıyev, münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar verilişi təqdim etməklə, DW eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirdiyini vurğulayıb.

Bu cür yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir.

Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan DW-in eləcə də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar