Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair qaydalar sərtləşdirilib
08.10.2016 544 0.0 0

Nazirlər Kabineti “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nı təsdiq edib.
 
Məlumata görə, Qaydaya əsasən indiyə qədər cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməli idilər.
 
Buna uyğun olaraq Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitləri və ya digər əmlakı barəsində tətbiq olunan tədbirlər onların tam və ya birgə istifadəsində və ya tam, yaxud qismən nəzarətində olan pul vəsaitlərini və ya digər əmlakı, o cümlədən belə şəxslərin və onlarla bağlı fiziki və ya hüquqi şəxslərin sahibliyində və ya nəzarətində olan əmlak vasitəsilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı əhatə edib.
 
Dəyişikliyə əsasən isə bundan sonra Azərbaycan ərazisində fiziki və ya hüquqi şəxslər tərəfindən istənilən aktivin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin bilavasitə və ya dolayısı ilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır. Ümumi Siyahı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər aktivlərin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməlidirlər. Bu şəxslərin aktivlərinin dondurulması üzrə tədbirlər həmin şəxslərin birbaşa və ya dolayısı ilə sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxslərin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində (birgə və ya paylı) olan, həmin şəxslər tərəfindən idarə və ya nəzarət olunan aktivləri, habelə belə əmlak vasitəsilə əldə edilmiş digər aktivləri əhatə edəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar