Azərbaycanda 230 minə yaxın uşaqda müxtəlif xəstəliklər aşkarlanıb
29.11.2016 666 0.0 0

Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilib. Bu ilin 9 ayı ərzində respublikada uşaqların 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib.

 

Məlumata görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

 

 

Onun sözlərinə görə, tibbi müayinədən keçən uşaqların 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb: "Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub,  4 569 nəfəri isə sanator müalicəyə göndərilib".

 

Baş pediatr əlavə edib ki, tibbi müayinədən keçən uşaqlar arasında tənəffüs üzvlərinin xəstəlikləri və qurd invaziyaları (helmintoz) üstünlük təşkil edir. Digər somatik yoluxucu xəstəliklərin də müşahidə olunduğunu deyən N.Quliyev qeyd edib ki, bu xəstəlik əsasən məktəbəqədər dövrdə və məktəb yaşlı uşaqlar arasında özünü büruzə verir: "Qurda yoluxma halına ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olur, gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəliklərinə kiçikyaşlı uşaqlarda daha tez-tez rast gəlinir.  Bu da uşaq orqanizminin anatomik fizioloji xüsusiyyətləri ilə izah olunur".

 

 

N.Quliyev vurğulayıb ki, hazırda Azərbaycanda 0-18 yaşadək uşaqların sayı 2 588 959 nəfərdir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar