İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentini baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
H. Ruhani bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, sabah isə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşə qatılacaq.
*****
Avqustun 7-də Azərbaycana səfərə gələn İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.
Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib. İran və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan və İran prezidentləri rəsmi foto çəkdiriblər.



*****
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Tədqiqatları İnsititutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikası Hökuməti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb./apa/






