Tarix: 05.12.2016,   Saat: 20:39, Bazar ertəsi.          

Azərbaycan səfiri Devid Kramerin ritorikasını bolşevik propaqandasına bənzədib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan və Qafqaz – irəliyə baxış” mövzusunda konfrans keçirilib.
 
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirdə ABŞ dövlət qurumları, düşüncə mərkəzləri, diplomatik korpus, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin moderatoru Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, region üzrə ekspert Svante Kornell olub.
 
Konfransda çıxış edən səfir Elin Süleymanov Azərbaycanın müstəqillik illərində qazandığı uğur və əldə edilmiş nailiyyətləri barədə geniş məlumat verib.
 
O, Azərbaycanın bütün sahələrdə regionun liderləri sırasında olduğunu bildirib. Səfir regionda həyata keçirilən, uğurlu olduğunu sübut etmiş, bununla da bütün region ölkələrin iqtisadi rifahına və daha yaxın əməkdaşlığına gətirən və Qara dəniz, Aralıq dənizi, Egey dənizi, Adriatik dənizi coğrafiyalarına yol açan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin əhəmiyyətini qeyd edib. Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını qeyd edən E. Süleymanov bunun Azərbaycanın əldə etdiyi anlaşmalara sadiqliyindən irəli gəldiyini və bunun bariz nümunəsi kimi enerji sahəsində 20 ildən artıq müddət ərzində beynəlxalq şirkətlərlə əldə edilmiş “Hasilatın Pay Bölgüsü” razılaşmasının dəyişməz qaldığını göstərib.
 
Səfir Şərqdə ilk müsəlman demokratik respublikanın davamçısı olan Azərbaycanın ənənəvi olaraq müxtəlif millət və mədəniyyətlərin qovuşduğu məkan olduğunu dilə gətirərək, hazırda ölkə rəhbərliyinin bu ənənəyə sadiq qaldığını, dünyada radikalizm və dözümsüzlüyün baş qaldırdığı bir vaxtda ölkənin dünya miqyaslı mədəniyyətlərarası forumların təşəbbüskarına və aparıcı qüvvəsinə çevrildiyini qeyd edib. Bunun Azərbaycan tarixindən qaynaqlandığı və ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildiyi vurğulanıb.
 
Səfir daha sonra müzakirələrdə tədbir iştirakçılarının suallarını cavablandırıb.
 
Erməni diplomatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualına cavab olaraq səfir Süleymanov Azərbaycanın münaqişənin tezliklə həllinin tərəfdarı olduğunu vurğulayıb.
 
Səfir hazırkı "status-kvo"nun dəyişməsinin və azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmasının, erməni və azərbaycanlı icmalarının birgə yaşayışa alışmasının problemin həlli üçün ilk addım olduğunu bildirib. O, bundan daha çox erməni xalqının bəhrələnəcəyini, hazırkı acınacaqlı durumundan çıxmaq imkanı qazanacağını vurğulayıb.
 
E. Süleymanov rəsmi İrəvanın sülh prosesinə zərər vurmaqla, əslində, öz müstəqilliyinə xələl gətirdiyini qeyd edib.
 
“Freedom House” təşkilatının keçmiş direktoru Devid Kramerin sualına cavab verən səfir D.Kramerin uzun zamandır, səsləndirdiyi ritorikanın bolşevik dövrünün propaqandasına bənzədiyini deyib. Eyni zamanda o, bütün cəmiyyətlərdə, o cümlədən ABŞ-da olduğu və son seçki kampaniyasının göstərdiyi kimi, Azərbaycan cəmiyyətinin də öz çağırış və çətinliklərinin mövcudluğunu bildirib, Azərbaycanın həmin çağırışların tədricən və uğurla öhdəsindən gəlməkdə, demokratik, inklüziv cəmiyyətin inkişafını təmin etməkdə olduğunu bildirib. Səfir Azərbaycanın öz tərəfdaşları ilə hər zaman səmimi, obyektiv və konstruktiv dialoqa hazır olduğunu da vurğulayıb.
 
İştirakçılar tərəfindən “Türk Axını”nın Azərbaycanın layihələrinə təsiri, habelə Rusiya və ABŞ arasında gərginliyin regiona mümkün təsiri barədə sual verilib. “Türk Axını”nın Azərbaycan layihələrinə təsir etmədiyini söyləyən səfir regional sabitlik üçün Rusiya ilə Türkiyə arasında işlək münasibətlərin vacibliyini önə çəkib. E. Süleymanov bildirib ki, Rusiya ilə ABŞ arasında gərginlik regiona mənfi təsir göstərə bilər, bu iki dövlət arasında əməkdaşlığın sabitləşməsi ümumi marağa xidmət edərdi. 
 
Konfrans çərçivəsində Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 173 | Tarix: 20.10.2016, 12:24


Xəbərlər