Azərbaycan prezidenti: Ermənistanın təcavüzkar siyasəti Qarabağ münaqişəsinin həllinə maneədir
20.09.2016 447 0.0 0

 “Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələr qarşılıqlı maraq əsasında uğurla inkişaf edir”.
 
Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib.
 
 
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövləti başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini bildirib, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strateji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını deyib. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən Azərbaycan prezidenti ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirib və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırıb.
 
Prezident İlham Əliyev qeyd edib ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlət başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğulayıb.
 
Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini vurğulayıb. Dövlət başçısı Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilməməsinin də bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat etdiyini bildirib.
 
Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirib. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar