Azərbaycan güləşçisi: `Başqa yarış olsaydı, mən də ermənini vurardım`-Video
03.04.2022 407 0.0 0

"Onlara qarşı kinim, nifrətim var. Başqa yarış olsaydı, keçməzdim və mən də onu vurardım, amma qələbə qazanmaqla rəqibin cavabını verdim".

Bunu açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının yarımfinal görüşündə Ermənistan təmsilçisi Hraçya Poqosyanla arasında baş vermiş insidentə münasibət bildirərkən deyib.

63 kq çəki dərəcəsində çıxış edən idmançı həmin rəqibinə ötənilki Avropa çempionatında da qalib gəldiyini xatırladıb: "Bəlkə də onun hirsi idi. Poqosyan bu dəfə də məğlubiyyətə dözmədi və idmançıya yaraşmayan hərəkətlər etməyə başladı. Uduzduğu üçün məni özümdən çıxarmaq və ona əl-qol atmağımı istəyirdi. Belə olan halda ikimizi də yarışdan kənarlaşdıra bilərdilər. Mən isə finalın bir addımlığında belə səhv etməzdim. Yarışdan sonra üz-üzə gələndə başını aşağı salıb getdi və söz deməyimə ehtiyac belə qalmadı".

Finalda gürcüstanlı Leri Abuladzeyə yenilən Məmmədov məğlubiyyətin səbəbini də açıqlayıb: "Qızıl medal üçün döşəyə çıxmışdım. Həmin güləşçini bir il əvvəl Qran-pridə məğlub etmişdim. Yəqin ki, məni yaxşı analiz edib. Ayaq üstə olanda görüş boyu mənimlə kontakta girmədi və bu səbəbdən, fənd tətbiq edə bilmədim. Əvvəlki kimi güləşməyə zədələrim də imkan vermədi. Zədələrim çoxdur. Sadəcə, nəticə vermək üçün bu qədər səbr etmişəm. Bu il bizim üçün vacib yarışlar var. V İslam Həmrəyliyi Oyunları, dünya çempionatı və Bakıda Dünya Kubokunda zədələr imkan versə, medallar qazanmaq istəyirəm. Zədələr olmasa, 2024-cü ilədək ölkəmin xidmətindəyəm və Paris-2024 Yay Olimpiya Oyunlarında da iştirak etməyi hədəfləyirəm. Ondan sonra isə karyeramı bitirəcəyəm"./report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar