Avropa Məhkəməsindən kəlbəcərli girovlarla bağlı absurd mövqe
20.09.2016 774 0.0 0

Dilqəm Əsgərovun oğlu: “Mənə deyirlər, sübut et ki, atanın səhhətində həqiqətən də problem var” 

 

2 il 2 aydır ki, erməni girovluğunda olan həmvətənlərimiz Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılmaları üçün addımlar atıldığı deyilsə də, müsbət bir nəticə yoxdur. Erməni girovluğunda olan hər iki vətəndaşımızın səhhətində uzun zamandır ki, ciddi problemlər var. 
 
Təəssüf ki, girovların yaxınları müxtəlif qurumlara onların azad edilmələri və Azərbaycana gətirilmələri üçün müraciət etsələr də, nəinki müsbət cavab almır, hətta absurd mövqelərlə qarşılaşırlar. Bu yaxınlarda Avropa Məhkəməsinə müraciət etdiyini deyən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov açıqlamasında aldığı cavabdan çox məyus olduğunu deyib. Belə ki, Avropa Məhkəməsinə müraciət yazaraq atasının səhhətindəki ciddi problemləri qabardan K. Əsgərov absurd bir cavab alıb: “Mən atamla bağlı çox yerlərə müraciət etmişəm. Amma bir nəfər yoxdur ki, çıxıb desin ki, bu işin sonu necə olacaq. Atam bu dəqiqə orada çox pis vəziyyətdədir. Kimə müraciət edirəmsə, hamı deyir yaxşı olacaq, bu istiqamətdə işlər gedir. Amma hansı işlər gedir, bu işin sonu necə olacaq, mən bilmirəm.  Qırmızı Xaç Cəmiyyəti sonuncu dəfə atamın şəkillərini gətirmişdi. O çox pis vəziyyətdə idi, 90 yaşlı kişiyə bənzəyirdi. Yenə əvvəllər mətbuatda bu barədə xəbərlər gedirdi ki, Xarici İşlər Nazirliyi, prezident səviyyəsində görüşlərdə bu barədə danışılır. Amma mən görürəm ki, heç bir iş getmir. Atam məktublarında yazır ki, başında, qolunda, ürəyində ağrılar var. Avropa Məhkəməsinə müraciət edərək yazdım ki, nəyə görə atamın işinə baxmırsınız ki, onun səhhətində bu cür problemlər var. Mənə oradan cavab yazdılar ki, sübut et ki, atanın səhhətində həqiqətən də problemlər var. Mən bunu necə sübut edim?! Əgər dediyimin həqiqəti əks etdirdiyini bilmək istəyirsinizsə, özünüz Qarabağa bir nümayəndənizi göndərin gedib özləri yoxlasınlar”.
 
Bu yaxınlarda kəlbəcərli girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və mərhum Həsən Həsənov haqqında çəkilən “Dünya susmasın” adlı sənədli filmin ideya müəllifi olan “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli də film vasitəsilə onları dünyanın diqqətində saxlamağa çalışdıqlarını dedi: “Filmin təqdimatı oldu. Təqdimata bir çox deputatlar dəvət edilsə də, yalnız Qənirə Paşayeva gəldi. Biz bu filmi daxili auditoriya üçün yox, dünya çapında təqdim etmək üçün nəzərdə tutmuşuq. İlin sonuna kimi biz bu filmin təqdimatını xarici ölkələrdə də keçirəcəyik”.
 
Şahbaz Quliyevin yaxın dostu olduğunu deyən S.Rəhimli hər iki girovun yazdığı məktublara əsasən artıq onların ümidsizliyə qapıldıqlarını dedi: “Dilqəm Əsgərov evinə yazdığı məktublarda müəyyən işarələrlə yazıb başa salır ki, bizim artıq azad olacağımıza inamımız itib. İkisinin də səhhəti pisdir. 1 ay əvvəl oğluna Qızıl Xaç Cəmiyyəti şəkillərini göndərmişdi. Onları şəkildən tanımaq olmur. Şahbaz Quliyev artıq 3-cü dəfədir ki, məktub yazmaqdan imtina edir. Yazsa da bir cümlə yazır ki, anamdan, qızımdan muğayat olun, məndən ümidinizi kəsin. Həm də onlara psixoloji təsir göstərirlər. Məndə olan məlumata görə, onlara deyiblər ki, guya ermənilər bu son döyüşlərdə Azərbaycanın torpaqlarını Kürə qədər alıb. Şahbaz da, Dilqəm də informasiya blokadasındadır. Onların heç nədən xəbərləri yoxdur. Onlar bütün bunlara görə də psixoloji sarsıntı keçirirlər. Şahbazın anasının hələ də oğlunun girovluqda olmasından xəbəri yoxdur. Çünki o, Şahbazla nəfəs alır, bilsə, ürəyi partlayıb ölər. Yazıq ana elə bilir ki, övladı Rusiyada həbsdədir və həbs müddəti də noyabrda bitəcək. Oturub günləri sayır ki, oğlum gələcək. Onların azadlığı üçün heç kim canı-dildən bir iş görmür”. /musavat.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar