Avropa Kosmik Agentliyi Marsdan yeni görüntü paylaşıb
04.02.2022 385 0.0 0


Avropa Kosmik Agentliyi (ESA) “ExoMars” missiyası çərçivəsində kosmosa göndərilən TGO (ESA/Roscosmos ExoMars Trace Gas Orbiter) kosmik aparatının CaSSIS kamerası tərəfindən Marsda, “Acidalia Planitia” şimal düzənliyində çəkilmiş maraqlı bir fotoşəkil paylaşıb.

Qazeta.info AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata əsasən bildirir ki, fotoşəkil konsentrik halqaları ilə ağac kötüyünü xatırlatsa da, əslində, bu, Marsın buzla zəngin zərbə kraterinin quşbaxışı məsafədən çəkilmiş şəklidir. Ağacın gövdəsindəki konsentrik halqalar Yerin iqliminin keçmişdə necə olması barədə informasiya daşıdığı kimi, kraterin içindəki naxışlar da Marsın iqliminin təfərrüatları haqqında informasiya daşıyır.

Ehtimal olunur ki, kraterin daxili hissəsi su ilə zəngin buz çöküntüləri ilə doludur. Çox güman ki, bu çöküntülər planetin fırlanma oxunun meyli su-buz yataqlarının daha aşağı enlklərdə yaranmasına imkan verdiyi zamanlarda toplanıb qalıb. Marsın da fırlanma oxunun meylli olması Yerdəki kimi fəsillərin yaranmasına səbəb olur, lakin onun oxunun meylliliyi uzun zaman periodunda kəskin şəkildə dəyişib.

Krater çöküntülərində diqqət çəkən xüsusiyyətlərdən biri də çatların yarımdairə və çoxbucaqlı  formada olmasıdır. Çox ehtimal ki, mövsümi temperatur dəyişiklikləri səbəbindən buzla zəngin materialın genişlənməsi və sıxılması bu cür çatların formalaşmasına səbəb olub.

Orbital cihaz Marsın ekzotik şəkillərini çəkməklə yanaşı, onun atmosferindəki qazları da təsnifləşdirir, su ilə zəngin regionları tapmaq üçün Mars səthinin xəritələşdirilməsi ilə məşğul olur. Bu, alimlərə Marsda suyun xronologiyasını və bu miqdarın bir vaxtlar Marsda həyatın yaranmasına imkan verib-vermədiyini daha yaxşı anlamağa kömək edəcək.

Qeyd edək ki, ESA-nın “ExoMars” missiyasi çərçivəsində TGO 2016-cı ildə Marsa enib və 2018-ci ildə tam fəaliyyətə başlayıb. O, həmçinin 2023-cü ildə Marsa çatacaq Rosalind Franklin roveri və Kazachok platforması üçün informasiyanın ötürülməsinə xidmət etməlidir. Növbəti rover Marsın bir vaxtlar qədim okeana ev sahibliyi etdiyi düşünülən bölgəni araşdıracaq, yeraltı tədqiqatlar aparacaq və həyat əlamətləri axtaracaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar