Ata-ana boşandı - Bəs, uşaqlar kimdə qalmalı?
29.09.2016 679 0.0 0

Son illər açıqlanan statistik rəqəmlərdən görünür ki, Azərbaycanda boşanmaların sayı artır. Ekspertlər bu barədə dəfələrlə həyəcan təbili çalıblar. Məlumdur ki, boşanmalarda ən çox əziyyət çəkən uşaqlar olur. Seçim etmək hüququ olmayan azyaşlıların həyatını kiminlə davam edəcəyinə məhkəmələr qərar verir. Hakimlər isə bu zaman qəyyumluq komissiyasının rəyini əsas götürür.

Bəs praktikada uşaqlar üçün verilən qərarlar ədalətli olurmu?

Bu məsələyə münasibət bildirən vəkil Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında deyib ki, illərdir bu problemə görə uşaqlarla yanaşı, onlar da əziyyət çəkirlər: “Yetkinlik yaşına çatmayan uşaqlarla bağlı icra hakimiyyətlərinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası var. Bu komissiyanın nəzəri olaraq fəaliyyəti budur ki, uşaqların mənafelərini nəzərə alınmaqla məhkəmə çəkişmələri zamanı rəy verir. Çox təəssüf olsun ki, faktiki olaraq bu qurum öz vəzifəsinin nə olduğunu anlamır. Biz vəkil kimi çıxdığımız məhkəmə işlərində görürük ki, bu komissiya rəy verərkən uşaqların yox, öz şəxsi mənafeyini nəzərə alır.

Təklif edirəm ki, bu komissiya ləğv edilsin və səlahiyyətləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinə verilsin. İcra hakimiyyətləri yanındakı indiki komissiyanın sədri icra başçısının müavini olur, digər 9 üzvün isə daha çoxu müəllimlərdir. Orada uşaq hüquqlarını, uşaq psixologiyasını, ibtidai metodikanı bilən bir nəfər də yoxdur. Məhkəməyə təqdim edilən sənədlərin heç birində psixoloq rəyi olmur. Komissiya üzvləri uşaqla, ata ilə, ana ilə görüşmürlər. Heç bir izah və səbəb gətirmədən uşağın ananın, yaxud atasının yanında qalmasına rəy verirlər. Soruşursan səbəb nədir? Deyir biz belə hesab edirik. Verdikləri rəylərin psixoloji və hüquqi əsasları olmur. Dövlət bu quruma ona görə büdcədən vəsait ayırır ki, uşaqların mənafelərini, hüquqlarını qorusun”.

 

 

 

C.Yusifov qeyd edib ki, öz fəaliyyətlərində də tez-tez belə hallarla rastlaşırlar: “Məsələn, Yasamal Rayon İcra Hakimiyyətinin yanındakı Komissiyanın sədri Təravət Muradova mənim vəkil kimi çıxdığım üç məhkəmə işi ilə bağlı rəy verib, 3-də bir-birinə ziddir. Bir məhkəmə işində atanın daimi yaşayış yeri, daimi işi var və aylıq 1000 manat aliment verir. Amma Təravət Muradova rəy yazıb ki, ata ayda 1 dəfə qısamüddətli olmaqla uşağı ilə görüşə bilər, uşaq atasının yanında qala bilməz. Səbəbini izah etmir. Başqa bir işdə də bunun əksinə qərar verilmişdi. Deməli, ata dənizdə işləyir, 15 gün Bakıda olur, 15 gün dənizdə, özü də boşanandan sonra evlənib. Ana isə sahibkardır, maddi imkanı yaxşıdır, geniş evi var, subaydır. Təravət Muradova rəy verib ki, uşaq atası ilə qalsın. Ata 15 gün dənizdə olanda uşaq harada qalacaq?

Bu sahədə vəziyyət çox acınacaqlıdır. Əgər səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilsə, daha mükəmməl olar. Çünki orada uşaq hüquqlarını da, uşaq psixologiyasını da çox yaxşı bilən mütəxəssislər var. Bu Komitə dövlətin ailə siyasətini həyata keçirən mərkəzi qurumdur”.

Qeyd edək ki, Azərbaycanda 2016-ci ilin ilk 5 ayı ərzində 5200 ailənin rəsmən boşandığı açıqlanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar