Tarix: 05.12.2016,   Saat: 00:22, Bazar ertəsi.          

Astarada şəhid ailələrinə fərdi yaşayış evləri təqdim edilib

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Astara rayonunda inşa etdirilmiş 4 ədəd fərdi yaşayış evi şəhid ailələrinin istifadəsinə verilib. Evlərin təqdim olunması tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Astara rayon İcra Hakimiyyətinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhid ailələrinin üzvləri onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması  istiqamətində aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar hər bir sahədə diqqət və qayğı ilə əhatə edildiklərinə, bu gün isə yeni yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan prezidenti İlham Əliyevə dərin  minnətdarlıqlarını ifadə ediblər.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev ölkəmizdə bütün sosial proqramlar kimi, Qarabağ müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini bildirib. S. Mehdiyev diqqətə çatdırıb ki, dövlət başçımızın  2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ildə də respublikamızın müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər qeyd olunan insanların istifadəsinə verilib. Bu ilin ötən dövründə artıq  241 nəfərin, o cümlədən 152 nəfər Qarabağ müharibəsi əlilinin, 89 şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.
 
Tədbirdə bildirilib ki, şəhid ailələrinin sosial  ödənişlərlə təminatı da daim gücləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələr Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar ki, 2007-ci ilin əvvəlindən təyin olunan bu təqaüdlərin məbləği ötən müddətdə 2,2 dəfə artırılıb. Bununla yanaşı, şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət ödənilir, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Pensiya təminatı sahəsində də onlara qayğı ilə yanaşılır. Belə ki, yaşa görə əmək pensiyası təyin olunmuş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə hesablanır. Əmək və məşğulluq sahəsində qanunvericilikdə şəhid ailələrinin üzvləri üçün bir sıra güzəşt və imtiyazlar da müəyyən olunub.
 
Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb./apa/

 

 

 

 

 



  Bölmə: Gündəm | Baxış sayı: 239 | Tarix: 30.09.2016, 15:52


Xəbərlər