AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri ilə bağlı bəyanat yayıblar
19.01.2017 857 0.0 0

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.
 
AŞPA-nın saytına istinadən verilən məlumata görə, bəyanatda bildirilir ki, islahatlar prosesinə yeni impuls vermək, xüsusilə məhkəmə, media azadlığı, insan haqları və QHT-lərlə bağlı qanunvericilik sistemində hakimiyyətlə dialoqa təkan vermək son dərəcə vacibdir: “Biz Azərbaycan hökuməti və vətəndaşlarla bu islahatları müəyyənləşdirmək və həyata keçirmək sahəsində əməkdaşlıq etməyə hazırıq”. 
 
Həmməruzəçilər bəyanatda Azərbaycana səfərləri zamanı ölkədə insan haqlarına hörmət, həmçinin “Amnesty İnternational” təşkilatının vicdan məhbusları ilə bağlı siyahısına əsasən “siyasi məhbuslar” adlanan şəxslərin vəziyyəti ilə bağlı müzakirələr apardıqlarını qeyd ediblər.
 
2016-cı ildə bir neçə hüquq müdafiəçisinin, siyasi aktivistin və jurnalistin həbsdən azad olunduğunu qeyd edən həmməruzəçilər bu müsbət addımın 2017-ci ildə də davam edəcəyinə ümidvar olduqlarını bildiriblər.
 
Onlar Azərbaycan rəhbərliyinin Avropa Şurası ilə məhkəmə islahatları sahəsində əməkdaşlıq etməyə hazır olmasını alqışlayıb, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tam icrasının vacibliyini qeyd ediblər.
 
Bəyanatda vurğulanır ki, Azərbaycana son səfərləri zamanı internet və sosial medianın inkişafı, o cümlədən internet mediada fikir azadlığının təmin olunması mövzuları da müzakirə edilib.
 
Həmməruzəçilər son vaxtlar bir neçə gənc bloqqerin həbsindən narahatlıqlarını ifadə ediblər.
 
Bəyanatda o da qeyd olunur ki, səfər zamanı onlar həbsxanada İlqar Məmmədov, İlkin Rüstəmzadə, Seymur Həziyev və Səid Dadaşbəyli ilə görüşüblər.
 
Həmməruzəçilər səfərlə bağlı informasiya qeydlərini Monitorinq Komitəsinin qarşıdan gələn iclasında təqdim edəcəklər./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar