ANS ÇM radiosinin lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclası keçirilib
02.09.2016 555 0.0 0

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb. 

 

Məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “ANS ÇM Yayım və Media” Şirkətinin vəkili Rafiq Mustafayev bildirib ki, MTRŞ-ın qərarları nəticəsində şirkətə külli miqdarda maddi ziyan dəyib və işçilərə maaş vermək mümkün olmayıb.

 

Vəkil əlavə edib ki, maddi ziyanın həcmi hər gün artır: “Buna görə də biz sizə müraciət edirik ki, radionun fəaliyyətinin dərhal bərpa edilməsi haqda cavabdehin üzərinə vəzifə qoyasınız”. 

MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov vəsatətin əsassız olduğunu və təmin edilməməsini istəyib. 

Hakim vəsatətə növbəti mərhələdə baxılacağını deyib. 

R. Mustafayev qeyd edib ki, radionun bağlanması ilə bağlı MTRŞ-ın qərarı indiyə kimi şirkətə təqdim edilməyib. 

 

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib ki, polislər onlara heç bir qərar təqdim etmədən şirkətin qapısını bağlayıb: “Lisenziyanı geri almaq səlahiyyəti İqtisadiyyat Nazirliyinə aiddir. Hansı əsasla bu işi indi MTRŞ görür?! Mən radionun fəaliyyətinin bərpasını sizdən xahiş edirəm. Qərarı da bu gün verin”. 

 

Hakim məhkəməyə göstəriş verməməsini Vahid Mustafayevin diqqətinə çatdırıb.

 
V. Mustafayev isə cavabında belə deyib ki, ilk dəfə məhkəmə zalında olduqlarına görə davranışlarını üzrlü sayılsın: “Cəbhədə dəfələrlə olsaq da, ilk dəfədir, məhkəmə zallarında oluruq, buradakı qaydaları bilmirik. Biz beynəlxalq təşkilatlara bildiririk ki, qanun pozuntularının qarşısı dövlətimiz tərəfindən alınacaq. Onların bu işə qarışmasının qabağını hələlik alırıq. Ona görə də ədalətli qərar verməyinizi istəyirik”. 
 
ANS-in vəkili ANS Şirkətlər Qrupunun 3-cü tərəf kimi işə cəlb olunması barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin etməyib. 

Vəkil Rafiq Mustafayev hakimə vəsatətləri təmin etmədiyi üçün etiraz edib və etiraz məktubunun hazırlanması üçün məhkəmədən vaxt istəyib. 

 

V. Mustafayev də hakimin heç bir səbəb göstərmədən vəsatətləri qəbul etməməsinə etiraz edib: “Bizi başa salın, nə üçün vəsatətləri rədd edirsiniz? Biz sizin ayağınıza gəlmişik, sizdən başqa heç kimimiz yoxdur. Bu, tarixi işdir. Siz də, biz də tarixi qərar veririk. Vəsatətləri rədd edirsinizsə, bunun səbəbini izah edin. Biz hər gün yüz minlərlə manat pul itiririk. Bütün biznes şirkətlərini Azərbaycana dəvət etmişik ki, ölkəmizə sərmayə qoysunlar, reklam versinlər. Şəxsən mən bununla bağlı Londonda, Moskvada görüşlər keçirmişəm. Mən o şirkətlərə nə cavab verim indi? Bu reklam şirkətləri bizdən pullarını tələb edir. Sabah görəcəksiniz, başqa televiziyalardan da reklamlarını yığışdıracaqlar. Bizim əvvəllər qanun pozuntularımız olub deyirlər. Bəs nəyə görə, bizə bu barədə əvvəlcədən məlumat verilmirdi?"

 

V. Mustafayev də sənədlərlə yaxından tanış olandan sonra bununla bağlı çıxış edəcəklərini deyib. 

 

Fasilə elan edilib. Fasilədən sonra hakim qərarla tanış olmaq üçün ANS-ə vaxt verib. Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

 

Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

 

“ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar