ANA ƏFV OLUNAN KİMİ UŞAQ EVİNƏ QAÇDI
30.12.2014 785 0.0 0

Bu gün əfv olunaraq azadlığa çıxan Günel Həsənovanın sosial şəbəkələrdə yayımlanan fotosu hamının marağına səbəb olub. Belə ki, Günel Həsənova həbsdən çıxan kimi körpəsini görmək üçün uşaq evinə qaçması ilə yadda qalıb. 

Qazeta.info oxu.az-a istinadən xəbər verir ki, Həsənova Günel Ceyhun qızı taksi sürücüsünə şər atdığına görə həbs olunmuşdu. 2013-cü il oktyabrın 2-də Nizami rayon 23-cü polis şöbəsinə taksi sürücüsünün sərnişininə hücumu barədə ərizə daxil olub.

Məlumata görə, 1989-cu il təvəllüdlü Yasamal rayon sakini Həsənova Günel Ceyhun qızı ərizə ilə müraciət edərək göstərib ki, oktyabrın 1-dən 2-nə keçən gecə təxminən saat 01:00 radələrində, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının qarşısında 10 LO 640 dövlət nömrə nişanlı taksiyə əyləşib.

Həsənova qeyd edib ki, şəhərin mərkəzinə gedirmiş. Stansiyadan bir qədər aralandıqdan sonra taksi sürücüsü ona sekslə məşğul olmağı təklif edib. Bundan özünü təhqir olunmuş hesab edən Həsənova etiraz edib və sürücüdən maşını dayandırmasını istəyib. Lakin kişi bıçaq çıxarıb və onu hədələyərək, 30 manat pul, həmçinin mobil telefonunu alıb.

Polis İdarəsindən etiraf edirlər ki, bütün gecəni yatmayaraq faktı araşdırıb və taksi sürücüsünü axtarıblar. Onu tapıb sahəyə gətirəndə isə, Həsənovanın sürücüyə böhtan atması, onun barəsində polislərə yalan məlumat verməsi aydın olub.

“Əvvəla, Həsənovanın telefonu elə özündə olub. İkincisi, saxlanılan şəxslə üzləşdirmədən sonra o, yalan danışdığını etiraf edib. Məlum olub ki, taksi sürücüsü qızı istədiyi ünvana çatdırmaqdan imtina edib və bu zəmində onların arasında münaqişə yaranıb.

O zaman qız sürücünü hədələyib ki, polislərə şikayət edəcək, onun üçün çoxlu problemlər yaradacaq”.

Bu gün 4 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılan Günel jurnalistlərə açıqlamasında əməlindən çox peşman olduğunu söylədi.

“Həbsdə olduğum 1 il mənim üçün çox çətin oldu. Bizə burda hər şey verilirdi, bircə azadlıqdan başqa. Burdan çıxandan sonra ilk növbədə qızımı görəcəyəm, 1 saylı uşaq evində saxlanılır. Ondan sonra ikinci qızımı görəcəm, sonra balalarımı başıma yığıb evimi, işimi quracağam. Böyük qızım anamla qalır. Böyük qızımın 2 yaş 9 ay, balacanın isə 3 ay 18 günlükdür. Sevincimi izah edə bilmirəm”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar