Allahşükür Paşazadə: Azərbaycan müsəlman ölkələri arasında vəhdətin qurulmasında öndə getməyə qadirdir
15.03.2017 1064 0.0 0

“Bu bir həqiqətdir ki, dünyada yaşanan böhranlara, qarşıdurmalara baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur. Azərbaycan bu gün də islam dünyasının önündə gedən dövlətlərdən biridir”. 
 
Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında deyib. O bildirib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda sabitlik mövcuddur: “Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin qurulması proseslərində öndə getməyə qadirdir”.
 
Şeyxülislam qeyd edib ki, bu gün dünyada dini və milli zəmində ekstremizm tüğyan edir, ksenofobiya, islamofobiya, radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur: “Dünyanın müxtəlif nöqtələrində insan qırğını, dini-mədəni irsin məhvi prosesləri zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar