Ali Məhkəmə Mərkəzi Bankı dəstəkləmədi... –«Dollar açıqlaması»
04.03.2015 827 0.0 0

Hakim: “Bu, qanunda birbaşa göstərilir. Kredit borcunun hazırkı məzənnə ilə ödənilməsini tələb etmək qeyri-qanunidir”, - deyir, ekspertlər manatın ucuzlaşmasından hökumətin qazancını açıqlayır... 

Martın 3-də ölkədə dolların məzənnəsi sabit qalıb, avronun məzənnəsində isə artım qeydə alınıb. Mərkəzi Bankdan verilən məlumata görə, martın 3-ə 1 dollar 1,0496, 1 avro isə 1,1752 AZN təşkil edir. Qeyd edək ki, martın 2-nə 1 ABŞ dollarının məzənnəsi 1,0496 AZN, 1 avronun məzənnəsi isə 1,1733 AZN idi.

 
Mərkəzi Bankın fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra kredit götürən hər kəsi indi bir sual maraqlandırır – “Kredit borcu hansı kursla qaytarılmalıdır?”
 
 Vətəndaşların banklardan dollarla götürdüyü kreditin ödənilməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Bir qisim kredit borcunu kreditin götürüldüyü vaxtkı məzənnə ilə, ikinci qisim isə aylıq ödəniş günü qüvvədə olan məzənnə ilə ödənilməsini iddia edir. Amma bu gün banklara müraciət edən vətəndaşlardan kredit borclarını hazırkı məzənnə ilə ödənilməsi tələb olunur.   
 
Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının hakimi Əsəd Mirzəliyev Publika.az-a bildirib ki, Mülki Məcəllənin 439.7-ci maddəsi bu problemi birbaşa həll edir.   Belə ki, həmin maddədə qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit  müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Öhdəliyin əmələ gəldiyi vaxt müqavilənin bağlandığı, kreditin götürüldüyü vaxt hesab olunur. Yəni tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, aylıq kredit borcu dolların o zamankı məzənnəsi ilə ödənilməlidir. Bu, qanunda birbaşa göstərilir. Kredit borcunun hazırkı məzənnə ilə ödənilməsini tələb etmək qeyri-qanunidir. Fərz edək ki, dolların məzənnəsi aşağı düşüb. Bu zaman banklar kredit borcunu həmin məzənnə ilə qəbul edəcəkdimi?”. Ali Məhkəmənin hakimi deyir ki, dollarla götürülən kreditlərin aylıq kredit borcu öhdəliyin əmələ gəldiyi vaxt olan məzənnə ilə ödənilməlidir. Onun sözlərinə görə, bu zaman bank tərəflə razılaşmazsa, məhkəməyə müraciət etməlidir. Məhkəmələr də belə mübahisələri Mülki Məcəllənin 439.7-ci maddəsinin tələbi əsasında həll etməlidir.   Ə.Mirzəliyev hələlik Ali Məhkəməyə məlum məsələ ilə bağlı şikayətin daxil olmadığını deyib. Qeyd edək ki, Mərkəzi Bankdan da bildirilib ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Vətəndaşlar kredit borclarını dolların manata qarşı hazırkı məzənnəsinə görə qaytarmalıdırlar. Həmçinin Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin məlum maddəsi ilə bağlı şərh verməsi vacibliyi də vurğulanır. 
 
Konstitusiya Məhkəməsindən isə bildirilib ki, bu məsələ ilə bağlı məhkəmələrdən müraciət daxil olmayıb.“Konstitusiya Məhkəməsinin bu məsələyə baxması üçün məhkəmələrdən müraciət olmalıdır. Konstitusiya Məhkəməsi bu məsələyə öz təşəbbüsü ilə baxa bilməz”.
 
Ekspertlər isə manatın ucuzlaşmasından sonra ölkədə müşahidə ediləcək tendensiyalara diqqət çəkiblər. Ekspert Qubad İbadoğlu bildirib ki, əmlak, mülk, torpaq və avtomobil yeni yığım vasitəsinə çevrilə bilər: “Manatın devalvasiyasından sonra yaranmış yeni iqtisadi şəraitdə banklara və milli valyutaya olan inamın azalması səbəbində əsasən 2 istiqamətdə qərarlaşmış tendensiyalar müşahidə olunmaqdadır.
 
Birincisi, nağd ödənişlərin artması, milli valyuta ilə əməliyyatların dövriyyəsinin azalması və iri ödənişlərin dollarla həyata keçirilməsinin getdikcə kütləvi hal almasıdır. İkincisi isə sərbəst yığımlarını depozit bazarında və səhm bazarında reallaşdırmaq riskini yüksək hesab edən orta və varlı təbəqənin xüsusi vəsaitlərini əmlak, mülk, torpaq və avtomobildə maddiləşdirməsidir. Bu isə həmin bazarlarda tələbatın artmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər. Eləcə də milli iqtisadiyyatda ümumi qiymət artımı bu sahədə bahalaşmaya əlavə stimul verəcəyi də istisna olunmur. Odur ki, hazırkı iqtisadi şəraitdə əmlakın, mülkün, torpağın və avtomobilin üzərində qurulan əməliyyatların riskinin nisbətən az olması onları yeni yığım vasitəsinə çevirə bilər”.
 
 
Ekspert Rövşən Ağayev isə öz bloqunda bildirib ki, prosesdən uduşlu çıxan hökumət iqtisadiyyatın özündən başqa subyektlərinin - istər ev təsərrüfatlar olsun, istər biznes - itkilərini görməyi, özünün tənzimləyici funksiyalarından istifadə edib bu itkilərin ən azı müəyyən hissəsini kompensasiya etməyi özünə vəzifə bilmir: “Qısamüddətli dövrdə devalvasiyadan udanların qazandıqlarını və uduzanların itirdiklərini dəqiq qiymətləndirmək çətindir. Amma təxmini hesablamalarla mənzərəni görmək mümkündür”.
 
Onun sözlərinə görə, birinci uduş hökumətindir: “İcmal büdcənin gəlirlərinin yarısından çoxu bilavasitə valyuta gəlirlərindən formalaşır. Məsələn, 2015-ci ildə icmal büdcənin təxminən 22 milyard manat gəlirinin 12 milyard manatı birbaşa valyuta mədaxili əsasında proqnozlaşdırılmışdı. Bura Neft Fondunun gəlirləri, xarici neft konsorsiumunun vergi ödənişləri, Dövlət Neft Şirkətinin xaricə ixracından formalaşan gəlirlərə görə vergi ödəmələri daxildir”. Ekspertin sözlərinə görə, manatın təxminən 35 faiz ətrafında devalvasiyası hökumətə imkan verəcək ki,  neftin orta illik qiymətinin hər barrel üçün 60 dollar olduğu şəraitdə 8 milyard deyil, 11 milyard manata yaxın valyuta mədaxilinə ekvivalent büdcə gəliri formalaşdırsın. Yəni, manatın hazırkı səviyyədə ucuzlaşması icmal büdcəyə ən azı 3 milyard manat əlavə gəlirin daxil olmasını təmin edəcək.
 
“İkinci uduş Dövlət Neft Şirkətinindir. Bu şirkət dəqiq məlumatlar açıqlamır, amma illik pul mədaxilinin azı 30 faizi valyuta gəlirlərindən formalaşır. Burada ən azından 4,5-5 milyard dollardan söhbət gedir”,- deyə R.Ağayev vurğulayıb. Onun sözlərinə görə, üçüncü uduş qeyri-neft ixracında inhisarçı mövqeyi olan holdinq və şirkətlərindir. “Amma heç şübhəsiz, ixracın heç olmazsa 30-35 faizi qeyri-neft sektorunun hesabına təmin edilsəydi və ixrac gəlirləri daha çox sayda biznes subyektləri arasında bölünsə idi, devalvasiyadan iqtisadiyyatın uduşları böyük olacaqdı. Sırf nəzəri yanaşmadan çıxış etsək, milli valyutanın ucuzlaşmasından ən böyük uduş ixrac gəlirləri böyük olan subyektlər olur. 2014-cü ildə ticarət balansına görə, Azərbaycanın ixrac gəlirlərinin təxminən 72 faizi hökumətə, təxminən 2 faizi iri dövlət şirkətlərinə, özəl sektorda inhisarçı mövqeyi olan azsaylı şirkətə mənsub olub. İxrac gəlirlərinin ən yaxşı halda 5 faizi sayı minlərlə ölçülən iqtisadi subyektlərə çatıb. Əgər bu göstəricilərdən çıxış etsək, devalvasiyanın qazancları da iqtisadi subyektlər arasında bu cür qeyri-bərabər bölünəcək”.
 
R.Ağayevin sözlərinə görə, prosesdən ən çox uduzanlar banklarda 4 milyard manatadək milli valyuta ilə əmanəti olan insanlardır: “Hökumət onsuz da uzun müddətə sərt qiymət nəzarəti ilə idxal olunan ərzaq məhsullarının qiymətinin bahalaşmasına qarşı dayana bilməyəcək. İndilikdə hökumət cəmiyyətin manatın sərt devalvasiyasının şokundan ayılmasını gözləyir və bilir ki, sosial narazılıqların geniş miqyas almaması üçün gündəlik tələbat malların ucuz saxlanması vacibdir. Çox güman ki, ilin sonuna doğru müxtəlif vaxtlarda ayrı-ayrı ərzaq məhsulların qiymətinin artımı baş verəcək. Hökumət düşünür ki, birdən baş vermədiyi üçün cəmiyyət bunu hiss etməyəcək. Hökumət qiymətlər üzərində sərt nəzarətlə həm də cəmiyyətə nümayiş etdirmək istəyir ki, itkiniz yoxdu, məndən aztəminatlı təbəqənin gəlirlərini indeksasiya etmək üçün addım gözləməyin də. Bu minvalla hökumət bilavasitə əhaliyə yönəlik xərc öhdəliklərini artırmadan 2015-ci ili başa vurmaq istəyir”. 
 
Həmçinin, valyuta ilə kredit götürən subyektlər itirib. Üçüncü uduzanlar kateqoriyası xaricdən borc götürən müəssisə, şirkət və banklardır. Belə borcların həcmi 12 milyard dollardan az deyil. Eyni zamanda, idxalla məşğul olan kiçik və orta biznes də xeyli vəsait itirib: “Nəticə budur ki, ev təsərrüfatları və biznes manatın ucuzlaşmasından milyardlarla ziyandadı. Amma hökumət büdcənin problemini həll etdiyini düşünərək çox rahat görünür”./musavat.com/
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar