Ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərlə bağlı məlumatlar 100 il DNT Məlumat Bankında saxlanılacaq
14.02.2018 781 0.0 0

Məcburi dövlət genom qeydiyyatı (insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, saxlanılması, uçotu, istifadə üzrə fəaliyyət) aparılacaq şəxslərin siyahısı dəqiqləşib.

Qazeta.info “Report”a əsasən bildirir ki, bu, yeni hazırlanan "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsində əksini tapıb.

Qanunun 14-cü (Məcburi dövlət genom qeydiyyatı) maddəsinə əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyənləşdirilməsi mümkün olmayan, habelə səhhətinə və ya görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatından keçirilirlər. Naməlum meyitlər də genom qeydiyyatından keçirilməlidirlər. Bu şəxslərdən və naməlum meyitlərdən bioloji material (Aşkar olunmuş insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə olunan biloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göndərilən bioloji materialın məlumatından bu qeydlər olmalıdır: Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı yer üzrə qeydiyyatı haqqında məlumatlar, genom qeydiyyatının aparılmasının əsası və tarixi, bioloji materialı götürmüş, məlumatı hazırlayan icra hakimiyyəti orqanının adı.

DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müfaviq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

DNT Məlumat Bankında əksini tapmış məlumatların saxlanılması müddətləri də müəyyənləşib. Belə ki, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərlə bağlı məlumatlar onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ərin (arvad)) ilə bağlı məlumatlar itkin düşmüş şəxslərin doğum tarixindən 100 il müddətində və ya onun şəxsiyyəti müəyyən edilənədək, şəxsiyyətinin başqa üsullarla müəyyənləşdirilməsi mümkün olmayan, habelə səhhətinə görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, naməlum meyitlər barədə məlumatlar isə onların şəxsiyyəti müəyyən edilənədək (lakin 80 ildən çox olmamaqla) saxlanılır.

Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Milli Məclis layihəni qəbul edərsə, qanun iyulun 1-dən qüvvəyə minəcək. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanun isə qüvvədən düşəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar