ABŞ: Türkiyənin terrordan müdafiə üçün bütün mümkün imkanlardan istifadə etmək haqqı var
19.02.2016 599 0.0 0

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ənənəvi mətbuat konfransında Türkiyədə törədilən partlayışla bağlı mövzulara toxunub.
 
Məlumata görə, Con Kirbi deyib ki, Ankarada törədilən partlayış terror aktıdır və orada günahsız insanların hədəfə götürüldüyü açıq-aşkar görünür: “Türkiyənin dünyanın terror təhlükəsi ilə üz-üzə qalan hər hansı ölkəsi kimi xalqını hücumlardan qorumaq üçün bütün mümkün  imkanlardan istifadə etmək haqqı var. Hazırda YPG-nin Suriyada daha konstruktiv addımlar atmasını və Türkiyənin sərhədin qarşı tərəfindən top atışlarını dayandırmasını arzulayırıq”.
 
Con Kirbi əlavə edib ki, hazırda Suriyada İŞİD-ə qarşı ən effektli mübarizəni kürd döyüşçülər aparır: “Kürd döyüşçülərin yeni ərazilər əldə etmək cəhdləri İŞİD-ə qarşı əməliyyatlar üçün zərərlidir. Suriyada kürd döyüşçülərə İŞİD-lə mübarizə müddətində havadan dəstək veriləcək. Amerika Birləşmiş Ştatlarının NATO müttəfiqi olan Türkiyə ilə daha yaxından əməkdaşlıq edəcəyinə heç kimin şübhəsi olmasın. Türkiyə bir dövlətdir, İŞİD-ə qarşı vacib müttəfiqdir. Bu, bir ölkəni Suriyada cəsur kürd döyüşçülərlə bərabər tutmaq deyil”.
 
Departament sözçüsü Türkiyənin kürd döyüşçülərin ölkə sərhədlərinə yaxınlaşmasından keçirdiyi narahatlığı başa düşdüklərini diqqətə çatdırıb: “Biz kürdlərlə danışıqlar aparmağa davam edəcəyik. Suriyada kürdlərə yarı muxtariyyət verilməsini dəstəkləmirik”.
 
Con Kirbi Ankarada terror aktının hansı qruplaşmanın törətməsi barədə dəqiq məlumata malik olmadıqlarını vurğulayıb: “Partlayışa görə məsuliyyət daşıyanın kimliyi təsdiq və ya inkar etmək imkanımız yoxdur”.
 
Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin YPG qruplaşmasının törətdiyini açıqlayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar