ABŞ səfiri: Qlobal enerji təhlükəsizliyi baxımından ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir
22.09.2017 858 0.0 0

Dünya bazarında neftin ucuzlaşmasına və bu istiqamətdə investisiyaların azalmasına baxmayaraq, Azərbaycanın enerji layihələrinə beynəlxalq marağın qalması mühüm hadisədir.

“Report” xəbər verir ki, bu barədə Vaşinqtonda (ABŞ) yerləşən müstəqil beyin mərkəzi – “Caspian Policy Center”in (CPC) “Azəri-Çıraq- Günəşli” (AÇG) yataqlar bloku üzrə yeni müqaviləyə həsr olunmuş xüsusi icmalında bildirilir.

İcmalda deyilir ki, sentyabrın 14-də Azərbaycan və onun beynəlxalq tərəfdaşları AÇG yataqlar blokunun birgə işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı dəyişdirilmiş və yenidən tərtib edilmiş saziş imzalayıb. Mərkəz hesab edir ki, beynəlxalq neft nəhənglərinin davamlı olaraq Azərbaycana göstərdikləri inam, əvvəlki və mövcud layihələrin etibarlı və kommersiya baxımından əlverişli olmasının sübutudur. Belə ki, gələcək 32 il ərzində AÇG yataqlar blokuna ümumilikdə 40 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulacaq.

“Azərbaycan ilk neft müqaviləsini hələ yenicə müstəqillik əldə etdiyi bir vaxtda imzalamağa nail olmuşdu. Gənc dövlət olmasına və bir sıra problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan beynəlxalq təşəbbüsdən irəli gələn öhdəlikləri müvəffəqiyyətlə yerinə yetirərək etibarlı tərəfdaş olduğunu sübut edib”,- deyə icmalda bildirilir.

CPC hesab edir ki, Azərbaycan yeni müqaviləni əvvəlki müqavilədən daha yaxşı şərtlərdə bağlayır. Belə ki, Mərkəzin hesablamalarına əsasən, hətta neftin 1 barelinin qiyməti 55 dollar olsa belə, hasil olunacaq neft ehtiyatlarının 180 mlrd. dollarlıq mənfəət yaratması gözlənilir ki, bunun da 75%-lik hissəsi yeni razılaşma şərtlərinə uyğun olaraq Azərbaycanın payına düşəcək.

Müqaviləni Milli Məclis ratifikasiya etdikdən sonra Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəniləcək. Eyni zamanda əvvəlki müqavilədə 11,65%-lik faiz paya malik olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu göstəricini 25%-ə çatdırıb.

Mərkəzin icmalında xüsusi vurğulanır ki, AÇG müqaviləsində Azərbaycanın beynəlxalq tərəfdaşları olan Norveç, ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya və Hindistan kimi ölkələr müqaviləyə güclü siyasi dəstək ifadə ediblər və Azərbaycanla enerji əlaqələrinin strateji dəyərini yüksək səviyyədə qeyd ediblər. Bu ölkələrdən ABŞ 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanda və Xəzər hövzəsində mövcud olan neft və qaz yataqlarının inkişafını davamlı olaraq dəstəkləyib, bu resursların inkişaf etdirilib Avropa və digər bazarlara çıxarılmasının bu ölkələrdə rifah səviyyəsinin yaxşılaşdırılması və qlobal enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olaraq görüb.

Yeni sazişlə bağlı fikirlərini bölüşən ABŞ Səfiri Robert Cekuta bildirib ki, qlobal enerji təhlükəsizliyi baxımından ABŞ Azərbaycanın əhəmiyyətini iqqətə alır və yüksək qiymətləndirir: “ABŞ AÇG yataqlar blokunun inkişafı istiqamətində imzalanan yeni sazişdə Azərbaycanla əməkdaşlıq etməkdən məmnundur. ABŞ davamlı olaraq Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində neft və qaz yataqlarının hasilatını dəstəkləyib. Burada əsas hədəf neft və qaz resusrlarının Avropa və digər bazarlara çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün ABŞ Azərbaycanın əhəmiyyətini diqqətə alır və yüksək qiymətləndirir. Bu həqiqət, ABŞ prezidenti Donald Trampın 28 May Azərbaycanın Müstəqillik günü ilə bağlı, eyni zamanda 24-cü Neft və Qaz sərgisi və konfransı münasibətilə Azərbaycana ünvanladığı təbrik məktubunda, eləcə də ABŞ-ın dövlət katibi Reks Tillersonun bu ilin fevral ayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasına göndərdiyi məktubda öz əksini tapıb”.

Səfir qeyd edib ki, ABŞ bundan sonra da Azərbaycandakı layihələrdə uzunmüddətli tərəfdaş olmağa davam edəcək: “1990-cı illərin sonunda ABŞ Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinə siyasi dəstək verib və ABŞ şirkətləri bu layihədə özlərinin maliyyə və texnoloji vəsaitləri ilə iştirak ediblər. ABŞ bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycanın neft və qaz sektorunda, qeyri-neft sektorunda və yeni ipək yolu layihələrində uzun müddətli tərəfdaş olmağa davam edəcək”.

“Azərbaycanın dənizdəki ən böyük neft kompleksi çərçivəsində imzalanan müqavilə milyardlarla dollar investisiya qoyuluşuna və milyardlarla barel neft çıxarılmasına imkan verəcək. Amerikanın neft şirkətləri ABƏŞ konsorsiumunun mühüm tərəfdaşları arasında yer almaqdadır. Eyni zamanda, ABŞ 1990-cı illərin sonunda BTC boru kəmərinə güclü siyasi və maliyyə dəstəyi verib, hansı ki, bu kəmər AÇG yataqlar blokundan və Xəzərin digər yataqlarından hasil edilən nefti dünya bazarlarına daşıyır. Amerikanın neft və xidmət sektorunda olan şırkətləri bu layihənin həyata keçirilməsində xüsusi rol oynayıb. BTC-dən sonra bizim əməkdaşlığımız Cənubi Qafqaz Boru Kəmərinin inşası ilə davam edib. Yaxın keçmişdə isə, ABŞ Avropa istehlakçıları üçün yeni mənbə və marşurut yaradacaq və Avropa enerji təhlükəsizliyinə dəyərli töhfə verəcək Cənub Qaz Dəhlizinin inkişafı istiqamətində Azərbaycan, Gürcistan, Türkiyə və digər ölkələrlə yaxından əməkdaşlıq edib. Hazırda bu boru kəməri ilə Azərbaycan Türkiyə və Gürcistan bazarlarına qaz nəql edir. İndi isə, AÇG yataqlarının inkişafı istiqamətində imzalanan yeni sazişdə ABŞ şirkətləri “Chevron” və “Exxon Mobil” ümumilikdə 16.4% pay əldə edəcəklər”,- deyə icmalda qeyd edilir.

Xatırladaq ki, CPC-nin əsas tədqiqat mövzularını ABŞ və Xəzər regionu arasında olan münasibətlər və regionun iqtisadi, siyasi, energetika və təhlükəsizlik məsələləri təşkil edir.

Mərkəzin AÇG yataqlar bloku üzrə yeni müqaviləyə həsr olunmuş xüsusi icmalının ingilis dilində olan tam versiyası ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

http://www.caspianpolicy.org/wp-content/uploads/2017/09/ACG-_final.pdf


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar