ABŞ «Azercell»in səhmdarını 1,4 mlrd. dollar cərimə etmək niyyətindədir
15.09.2016 616 0.0 0

ABŞ hökuməti İsveçin telekommunikasiya nəhəngi "Telia" şirkətini Özbəkistandakı korrupsiya qalmaqalına görə 1,4 mlrd. dollar cərimə etmək niyyətindədir.

 

"Financial Times" qəzetinə istinadən xəbər verir ki, sanksiya ABŞ-ın Xarici Korrupsiya Təcrübələri Aktı üzrə ən iri məbləğdə olan cərimələrdən biri ola bilər.

"Telia"nın rəhbəri Meri Eyrlinq isə yaranmış vəziyyəti bu cür şərh edib. "Cərimə olduqca böyükdür. Biz məlumatı dəqiqləşdirməliyik və tənzimləyicilərlə davam edən müzakirələrin necə həll olunacağı barədə qərar verməliyik".

 

Artıq bir neçə ildir iddia olunur ki, "Telia" 2007-ci ildə Özbəkistan bazarına daxil olmaq üçün bu ölkənin bəzi yüksək rütbəli məmurlarına rüşvət təklif edib. Son açıqlamasında M. Eyrlinq də dolayı yolla bunu etiraf edib: "Şirkətimiz Özbəkistan bazarına daxil olması qeyri-etik və səhv yolla baş tutub. Mən bunu dəfələrlə demişəm ki, biz çox böyük məsuliyyətin altına giririk. Hal-hazırda isə məsələyə aydınlıq gətirmək üçün tənzimləyicilərlə yaxından əməkdaşlıq edirik".

 

Xatırladaq ki, ötən ilin avqust ayında "Telia" bildirib ki, tədricən Asiya regionundakı iştirakını dayandıracaq. Şirkət "uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu" bildirib.

 

Şirkət artıq Nepaldakı aktivlərini satıb.

 

Hazırda şirkətin Avrasiya bölməsinə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Moldovadakı biznes birləşdirən "Fintur Holdings" və Özbəkistandakı aktivləri daxildir. Onu da bildirək ki, "Fintur Holdings"in bir hissəsi "Turkcell" şirkətinə məxsusdur.

 

Bu yaxınlarda yayılan məlumata görə, "Telia" Tacikistandakı törəməsi "Tcell" şirkətindəki payını satır. "Telia" "Central Asian Telecommunications Development B.V." şirkətindəki 60%-lik payını "Aga Khan" İqtisadi İnkişaf Fonduna satmaq niyyətindədir. Yeri gəlmişkən, "Aga Khan" "Tcell"dəki qalan 40%-in sahibidir.

 

Bazar dəyəri 66 mln. dollar olan "Tcell"in satışından "Telia" 39 mln. dollar əldə etmək niyyətindədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar