9 il ərzində təcili yardıma yol-nəqliyyat hadisələri ilə bağlı edilən müraciətin sayı açıqlanıb
21.11.2016 657 0.0 0

2007-2016-cı illər ərzində “113” xidmətinin dispetçer mərkəzinə yol-nəqliyyat hadisələri ilə bağlı 9394 müraciət qəbul edilib.
 
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (BŞTTTYS) ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərə göstərilən tibbi yardıma həsr edilmiş tədbirdə bildirilib ki, bu hadisələr zamanı 12223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu pasientlərdən 7866 (64%) nəfər xəstəxanaya yerləşdirilib.
 
 
Qeyd olunub ki, ölkədə yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərin sayı azalmağa doğru gedir. 2016-cı ilin yanvar - oktyabr aylarında yol-nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin müvafiq göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb, bu isə keçən ilin göstəricisindən 7% azdır. Ümumilikdə zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilib.
 
 
Məlumata görə, yol-nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.
 
 
 
Qeyd olunub ki, son zamanlar ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol- nəqliyyat hadisələrinin sayı da azalıb. 2016-cı ilin yanvar ayından noyabr ayınadək yol- nəqliyyat hadisələrində xəsarət alanların sayı 1984, xəstəxanaya yerləşdirilənlərin sayı 1677 nəfər təşkil edib.
 
 
BŞTTTYS-nın 21 bölməsi üzrə aparılan araşdırmalar göstərib ki, yol-nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.
 
Tədbirdə o da bildirilib ki, yol-nəqliyyat hadisələri zamanı çağırışı icra edən təcili yardım briqadaları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara tez çatdırmaq üçün işıq və səs siqnallarından istifadə etsələr də, bəzi nəqliyyat vasitələrinin sürücüləri təcili yardım avtomobillərinə yol verməyərək hospitalizasiyanın ləngiməsinə, zərərçəkənlərin vəziyyətinin ağırlaşmasına səbəb olublar.
 
Məlumata görə, 2006-cı ildə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələri zamanı reanimasion-anestezioloji yardımın gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin 120 saylı əmri əsasında SN TTTYS nəzdində 12 Regional məntəqə və “113” dispetçer mərkəzi yaradılıb və 2007-ci ildən tam fəaliyyətə başlayıb. SN TTTYS-nın “113” dispetçer mərkəzində 5 dispetçer fəaliyyət göstərir və gündəlik olaraq 12 anestezioloji-reanimasion briqada xətdə olur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar