`Siyasətdə kişi və qadın olmur` : Lalə Şövkət - 65
07.11.2016 1013 0.0 0

"Əgər hindistanlılar İndira Qandiylə, israillilər Qolda Meirlə, britaniyalılar Marqaret Tetçerlə, pakistanlılar Benazir Bhutto ilə, almanlar Angela Merkellə fəxr edirlərsə, Azərbaycan xalqı da Lalə Şövkətlə fəxr edə bilər"

 

Moderator.az xəbər verir ki, noyabrın 7-də Liberal Partiyanın lideri Lalə Şövkətin 65 yaşı tamam olur. Bu münasibətlə Liberal Partiya üzvləri liderlərini təbrik ediblər.
 
Yubiley təbrikində deyilir:
 
"Əzizimiz Lalə Şövkət Xanım!
 
Noyabrın 7-də Sizin 65 yaşınız tamam olur. Ömrün müdriklik zirvəsinə ucalmağınız münasibətilə Sizi sevinclə, ürəkdən və səmimi təbrik edirik, Ulu Tanrıdan Sizə cansağlığı və uzun ömür arzu edirik.
 
Dəyərli Lalə Şövkət Xanım!
 
Ömrün müdriklik zirvəsinə bu gün çatsanız da milli təfəkkürlü zadəgan, aristokrat valideynlərinizdən-1930-cu illərdə xalqımızın müstəqilliyi uğrunda  gizli mübarizə aparan atanızdan və alim-həkim ananızdan aldığınız tərbiyənin, milli tariximizə, kökümüzə bağlılığınızın, Azərbaycan mədəniyyətinin Səttar Bəhlulzadə, Bəxtiyar Vahabzadə, Lətif Kərimov, Xudu Məmmədov, Nurəddin Rzayev kimi korifeylərin bilavasitə təsiri altında Siz milli yaddaşa, erkən müdriklik idrakına malik olmusunuz.
 
Məhz bu milli təfəkkürün nəticəsi idi ki, Siz həmişə xalq dərdilə yanmış, özünüzü ona QURBANLIQ sanmış,  onun ən ağır günlərində, 1990-cı ilin Qanlı  Yanvar günlərində  bir çoxları gözləmə, gizlənmə mövqeyi tutanda heç bir təhlükədən çəkinmədən SSRİ-nin paytaxtı Moskvada antiazərbaycan rejiminə qarşı mətbuat konfransının təşkilatçısı olmuş, Azərbycanın bir sıra siyasi xadimləri, ziyalıları ilə birlikdə 20 Yanvar qırğınına qarşı etiraz səsinizi qaldırmış, o zamankı SSRİ və Ermənistan rəhbərliyini kəskin tənqid etmiş, informasiya blokadasının yarılmasına öz töhfənizi vermiş, Ermənistandan mütəşəkkil qaydada, dövlət tərəfindən etnik təmizləməyə məruz qalmış,  100 minlərlə soydaşımızın müdafiəsinə qalxmış, Xocalı vəhşətinin dünya ictimaiyyətinə çatdırılması üçün əlinizdən gələni etmisiniz. Siz Sovet İttifaqının ictimai-siyasi, akademik, elitar çevrələrində xalqımızı şərəflə təmsil etmiş, 1991-in müstəqillik yolumuzda həlledici avqust günlərində həm özünüzün,  həm də övladınızın həyatı ilə risk edərək, QKÇP çevrilişinə etiraz edənlərin ön barrikadalarında olmuş,  Azərbaycan Milli Azadlıq Hərəkatını, Demokratiyasını ləyaqətlə təmsil etmiş, milyonların mitinqində parlaq çıxışınızla  Azərbaycan bədxahlarını xar etmisiniz.
 
Azərbaycanlıların SSRİ-də yeganə beynəlxalq diaspora təşkilatının “Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Haqları uğrunda” İctimai-Siyasi Hərəkatının yaradıcısı olmusunuz.
 
Beynəlxalq ümumbəşəri dəyərlər mühitində  öz dərin milli zəkanızla,  yüksək siyasi mədəniyyətinizlə dəfələrlə nəinki Azərbaycanın dostlarını, hətta düşmənlərini belə heyran qoymuş, xalqımıza siyasi dividentlər qazandırmısınız.
 
Siz Azərbaycan cəmiyyətində alicənablıq, ləyaqət, dürüstlük, fədakarlıq, yüksək siyasi mədəniyyət, Milli Barış, Milli Birlik nümunəsi olmuş, həm iqtidarda olanda, həm də müxalifətdə siyasi rəqabəti etik çərçivədə aparmış, rəqiblərə düşmən kimi deyil, opponent, fərqli siyasi təfəkkürün daşıyıcısı kimi yanaşmış, Azərbaycanın dövlət katibi olarkən keçmiş prezidentlərin siyasi barışını təklif etmiş, prezidentlə müxalif siyasi partiya liderlərinin müstəqillik illərində yeganə görüşünün təşkilatçısı olmuş, tənqidi qərəz, düşmənçilik kimi deyil, elmi-siyasi araşdırma, təhlil  kimi qəbul etmisiniz. Bu bizim üçün böyük siyasi dərs, örnək idi!
 
1993-94-cü illərdə ölkənin dövlət katibi ikən sosial ədalət carçısı, ilk növbədə aztəminatlı kütlələrin müdafiəçisi, korrupsiyanın barışmaz düşməni olmusunuz, cəbhənin ən təhlükəli yerlərində olmuş Azərbaycan əsgərinə ana qayğısı göstərmiş, ordumuza, vətəndaşımıza düşmən qarşısında geri çəkilməyi yaraşdırmamısınız.
 
Həmişə vəzifəyə dar düşüncəsilə yanaşanları qınamış, ona varlanma vasitəsi deyil,  ümummilli problemlərin həllində “cərrah bıçağı” kimi yanaşmış, siyasətə “hakimiyyət naminə deyil, xalq naminə” gəldiyinizi, “hakimiyyətin ali eşelonunun dövlət üçün, millət üçün, xalq üçün etalon olduğunu” öz davranışınızla dəfələrlə nümayiş və təsdiq etdirmiş, Azərbaycan siyasətinə ilk dəfə yüksək istefa mədəniyyəti gətirmisiniz. İstefanı ləyaqət və şərəf aksiyasına çevirmişiniz.
 
Siz həmişə hakimiyyətə “hakimiyyət naminə-hakimiyyət” prizmasından yox, “millət naminə-hakimiyyət” prizmasından baxmısınız.
 
Bütün siyasi kursunuzu “əvvəl mənəviyyat, sonra siyasət” prinsipi üzərində qurmusunuz. Bu da bizim üçün örnəkdir!
 
Siz həmişə öz şəxsi mənafelərinizdən imtina etmiş, ən böyük vəzifələrdən tutmuş deputat mandatına qədər imtina etmisiniz. Öz prinsipləriniz, mənəvi dəyərləriniz, millət naminə. Bizim cəmiyyətdə, əfsuslar olsun, bəziləri bunu axıracan dərk edə bilməyiblər.
 
Biz, Sizin yaxın ətrafınız, Sizin çətin və sıxıntılı həyatınızın şahidi olmuşuq. Amma, heç vaxt bunu büruzə verməmisiniz. Öz qürurunuzu və ləyaqətinizi hər yerdə və həmişə uca tutmusunuz. Bu da bizim üçün böyük örnəkdir!
 
Azərbaycan dilinə “biliyə pərəstiş” anlayışını gətirmiş, hətta ən yüksək vəzifəli məmurların belə peşəkarlıq imtahanından keçməsi təklifini vermisiniz.
 
Siz bütün siyasi karyeranız boyu - dövlət katibi,  Liberal Partiyanın banisi, sədri və lideri, Azərbaycan Milli Birlik Hərəkatının lideri  kimi xalqımızın gələcəyini demokratik seçimdə görmüş, demokratiyanı, demokratiya fədailərini ardıcıl müdafiə etmisiniz.
 
İştirak etdiyiniz bütün deputat seçkilərində seçiciləriniz Sizi özünün millət vəkili kimi görmüş və seçmiş, 2003-cü ildə prezident seçkilrində namizəd kimi böyük uğura imza atmısınız. İndi ölkəmizin ən yüksək nüfuza, böyük hörmətə malik azsaylı siyasi liderlərindən birisiniz.
 
Siz həm iqtidarda, həm də müxalifətdə Qarabağ dərdinə və başqa ümummilli problemlərimizə münasibətdə strateji düşüncəli əsl DÖVLƏT XADİMİ kimi yanaşmış, “iqtidar-müxalifət bölgüsü” aparmamış, xalqımızın milli maraqlarını heç nədən çəkinmədən, siyasi konyukturaya varmadan, ardıcıl müdafiə etmisiniz.
 
Ən yeni Azərbaycan tarixinin ən çətin məqamlarında, dönəmlərində, döngələrində çox ağır, bəzən başa düşülməyən, hətta qəbul edilməyən, tənqid edilən, riskli, amma, zamanın göstərdiyi kimi doğru seçim etmisiniz.
 
Siyasi liderlərə şəxsi münasibətləri qabartmamış, münasibətinizi konkret zaman kəsimində, məqamda onların xalqımıza fayda əmsalı üzərində qurmusunuz.
 
Rəhmətlik Elçibəy deyirdi ki, “Lalə Şövkətin sözü möhürdür”. Bu SÖZ BÜTÖVLÜYÜNÜZÜ həyatınızın leytmotivi saymaq olar.
 
Siz “verilmiş söz”, “siyasət”, “siyasətçi” sözlərini şəxsiyyətinizin, sözünüzün bütövlüyü, mənəvi, idealist siyasətinizlə  hörmətə mindirmisiniz.
 
Bir sözlə “olduğunuz kimi görünmüş, göründüyünüz kimi olmusunuz”.
 
Bütün davranışınız, dərin fəlsəfi biliyiniz və müdrik davranışınız göstərir ki, antik filosofların dediyi kimi siyasi liderlər həqiqətən ağıllı və müdrik filosof olmalı, cəmiyyəti çıxılmaz, çətin vəziyyətə salmamalıdırlar.
 
İndiki bütün dəyərlərin faş olduğu bir zamanda, bu mənəvi və mədəni dəyərlərlə yaşamaq və onlara sadiq qalmaq özü böyük qəhrəmanlıqdır. Sizin əqidə mübarizəniz də bizim üçün örnəkdir!
 
Əgər hindistanlılar İndira Qandiylə, israillilər Qolda Meirlə, britaniyalılar Marqaret Tetçerlə, pakistanlılar Benazir Bhutto ilə, almanlar Angela Merkellə fəxr edirlərsə, Azərbaycan xalqı da Lalə Şövkətlə fəxr edə bilər.
 
Bununla belə Siz siyasətdə qadın-kişi bölgüsünü tanımırsınız. “Siyasətdə kişi və qadın olmur, siyasətdə kişi və nakişi olur” deyiminiz atalar sözünə çevrilib. Siyasi fəaliyyətiniz boyu davranışınız sanki siyasətdə qadın tabusuna, kompleksinə son qoyub, siyasətdə kişi-qadın sərhədini yuyub, xanımların  siyasətdə kişilərdən nəinki geri qalmadığını, əksinə çox hallarda kişilərdən üstünlüyünü  ictimai fikrə artıq həkk edib.
 
Əzizimiz Lalə Şövkət Xanım!
 
Biz Sizi yalnız  siyasi, hətta mənəvi Lider kimi deyil, MƏNƏVİ ANA kimi qəbul edirik. Siz bizim üçün örnəksiniz! Siz bizə həmişə öyrədirdiniz ki, “sözlərə uymayın, əməllərə baxın. İnsan öz əməllərin həm cəmi, həm girovudur”. Bu gün biz Sizin siyasi hərəkətlərinizə ötəri baxış keçirtməyə cəhd göstərdik. Və özümüzü mənəvi övladınız sanmaqla qürur duyuruq.
 
Sizi 65 illik yubileyiniz münasibətilə bir daha qəlbən təbrik edirik, Ulu Tanrıdan Sizə cansağlığı, uzun ömür və Böyük Uğurlar arzulayırıq.
 
Böyük hörmətlə,
 
Azərbaycan Liberal Partiyasının üzvləri

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar