`Şahdəniz` layihəsinə I yarımillikdə 1,9 mlrd. dollar xərclənib
17.08.2017 758 0.0 0

 Bu ilin yanvar-iyun ayları ərzində “Şahdəniz” konsorsiumu layihə üzrə fəaliyyətə 1,889 mlrd. ABŞ dolları həcmində vəsait xərcləyib.

“Report” “Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu vəsaitin təqribən 249 mln. dolları əməliyyat xərcləri və təqribən 1,64 mlrd. dolları əsaslı xərclər olub.

Bu ilin ilk yarısında layihə üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artıb, əsaslı xərclərin həcmi isə 12% azalıb.

Qeyd olunub ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar