`Rabitə işi`: baş direktor MMC-ləri əvvəlcədən qalib elan edib
22.11.2016 697 0.0 0

“Rabitə işi”ndə təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai istintaqı dövründə şahid qismində dindirilən Mikayıl Babayevin ifadəsi məlum olub.

Məlumata görə, o, 2007-ci ildən 2015-ci ilin aprel ayına kimi olan dövrdə Xəzər rayon, həmin ilin aprel ayından isə Sabunçu Telefon qovşağının baş mühəndisi vəzifəsində işlədiyini bildirib.

Şahidin sözlərinə görə, həmin qovşaqlar tərəfindən abunəçilərə telefon rabitəsi və internet xidmətləri göstərilir: “Bu məqsədlə həmin rayonların ərazisində yaşayan abonentlər üçün telefon və internet xətləri çəkilir və həmin xətlərin istismarı təmin edilir. Qovşaqların ərazisində qeyd edilən işlərin görülməsi üçün kotirovka sorğuları keçirilib. Lakin həmin sorğularda bir qayda olaraq “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin baş direktoru Beytulla Hüseynovun özünə və onun yaxın tanışı Bayram Vəliyevə məxsus “Bakı Rabitə Tikinti Təmir” MMC, “Tikinti Təmir Təchizat Servis” MMC, “Rabitə Mülki Tikinti” MMC və “3 nömrəli Rabitə Təmir Tikinti” MMC-lər iştirak edib və kotirovka sorğularının qalibi olub”.

M.Babayev qeyd edib ki, qovşaqlar tərəfindən keçirilən bütün kotirovka sorğuları formal xarakter daşıyıb: “Kotirovka sorğularının qalibləri olan həmin müəssisələr Beytulla Hüseynov tərəfindən əvvəlcədən qalib kimi müəyyən olunub, bütün təmir-tikinti işlərini onun müəyyən etdiyi müəssisələr həyata keçirib, pul vəsaitləri tikinti təşkilatlarının hesablarına köçürülüb və sonradan şişirdilmiş qiymətlər tətbiq edilib, birliyin baş direktoru və onun yaxınları tərəfindən mənimsənilib.

O, “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevin B.Hüseynovla yaxın münasibətdə olduğunu və köçürülən pulların nağdlaşdırılıb mənimsənilməsində birbaşa iştirak etdiyini deyib: “Həmin görüləcək işlərin həcmini, istifadə olunacaq mal-materialların dəyərini və onların hansı təşkilatlardan alınmasını Beytulla Hüseynov özü müəyyən edib və bu barədə hazır sənədləri imzalamaları üçün onlara göndərib. Həmin MMC-lərin rəhbərləri başqa şəxslər göstərilsə də, faktiki olaraq müəssisələrin fəaliyyətinə Beytulla Hüseynov özü rəhbərlik edib, onun iradəsininin əksinə olan hər hansı bir müəssisə kotirovka sorğusunda iştirak etməyib”.

Qeyd edək ki, B.Hüseynov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 10 milyon manat mənimsəməkdə təqsirli bilinir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar