`Nardaran işi` üzrə məhkəmə prosesi fasilədən sonra baş tutmayıb
18.11.2016 564 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin fasilədən sonra davam etdirilməsi mümkün olmayıb.
 
APA-nın məlumatına görə, şahidlər məhkəməyə çağırılsalar da, gəlmədiklərindən proses baş tutmayıb.
 
Növbəti məhkəmə iclası noyabrın 23-də davam etdiriləcək.
 
 
 
***
 
saat 12.53
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, prosesdə təqsirləndirilən Abbas Hüseynov çıxış edib. O, ötən iclasda hakim Əlövsət Abbasovun onlarla aqressiv danışdığı üçün ona etirazını bildirib.
 
Hakim isə aqressiv danışmadığını, məhkəmə qaydalarına əməl etməyənlərin cəzalandırılacağını söylədiyini bildirib.
 
Hakim onu da qeyd edib ki, A. Hüseynovun etirazı müzakirə olunacaq.
 
Təqsirləndirilən Cabbar Cabbarov isə bildirib ki, Nardaranda baş verən hadisə zamanı öldürülən şəxslərin qəbirlərinin üstü ailə üzvləri tərəfindən düzəldilib, lakin həmin qəbirlər dağıdılıb. O, hakimdən bununla bağlı tədbir görülməsini istəyib. Hakim deyib ki, qəbirləri dağıtmaq cinayətdir və belə bir fakt olarsa onu edənlər cəzalandırılmalıdır. Hakim bununla bağlı prokurorluğa şikayət edilməsini məsləhət bilib.
 
Daha sonra iclasda vəkil Yalçın İmanov BMCM-nin şöbə rəisi, Nardaranda həyata keçirilən əməliyyata rəhbərlik edən Kərim Əlimərdanovun və istintaq zamanı BCMİ-də Abbas Hüseynovla eyni kamerada saxlanılan "Azərbaycan Beynəlxalq Bankı "ASC-nin idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin məhkəmədə dindirilməsi barədə vəsatətlər verib. O iddia edib ki, C. Hacıyev A. Hüseynova verilən işgəncələrə şahid olub.
 
Hakim vəsatətlərin müzakirə olunacağını deyib.
 
Daha sonra iclasda fasilə elan edilib.
 
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
 
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar