3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək
13.03.2017 11009 0.0 0

Rusiya Dövlət Dumasına analıq kapitalı (hamiləliyə və doğuma görə verilən müavinət) ilə birlikdə ailələrin dəstəklənməsi üçün daha çevik sistemin yaradılması təklif edilib. Qazeta.info  Sputnik -ə  istinadla xəbər verir ki, belə bir təşəbbüslə Dumanın Əmək, sosial siyasət və veteranların işləri üzrə Komitəsinin üzvü Sergey Vostretsov və Milli Valideyn Komitəsinin sədri İrina Volınets çıxış edib. 

Layihə müəlliflərinin fikrincə, analıq kapitalı sistemi özünü doğrultmayıb. Bununla birlikdə, doğma və övladlığa götürülmüş uşaqların həddi-buluğa çatmasına qədər təminatı üçün aylıq müavinətlərin verilməsi təklif edilir: 1 uşaq üçün 3 min, 2 uşaq üçün 8 min, 3 uşaq üçün 15 min rubl (təqribən 445 manat). 

“Analıq kapitalı kimi psevdodəstək tədbirləri aradan qaldırılmalı, insanlara konkret pul təklif olunmalıdır. Çünki dövlət əhali artımında maraqlıdır. Uşaqların dəstəklənməsi üçün konkret maddi yardım – müavinət lazımdır” – deyə deputat Vostretsov bildirib.  İrina Volınets isə qeyd edib ki, müavinətlər 3 və 3-dən artıq uşağı olan ailələr üçün nəzərdə tutulub. Beş və beşdən artıq uşağı olan ailələr üçün layihə müəllifləri bütün infrastrukturu olan və müvafiq kommunikasiya sisteminə qoşulmuş torpaq sahəsi verməyi təklif edir. Yeddi və daha artıq uşaqları olan ailələrə isə qanun layihəsində həm də əlavə olaraq “Qazel” avtomobilinin verilməsi nəzərdə tutulur.

Layihədə dövlət dəstəyi proqramının icrası üzərində nəzarətin qubernatorlara həvalə olunması nəzərdə tutulub. Sözügedən qanun layihəsi martın 23-də Dövlət Dumasında keçiriləcək dəyirmi masada müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, Konstitusiya qanunvericiliyi üzrə Federasiya Şurası Komitəsinin sədr müavini Yelena Mizulina analıq kapitalının müavinətlər və avtomobillə əvəz edilməsinin əleyhinə çıxış edib. Onun fikrincə, analıq kapitalı proqramı özünü tamamilə doğruldub. Yeni təşəbbüslər isə hökumətin sosial sahədə əldə etdiyi bütün nailiyyətləri inkar edir. Həmçinin bu cür təşəbbüslərlə çıxış edərkən, Rusiya ailələrinin əsas tələbatını öyrənmək lazımdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar