'Facebook'da ərazilərimiz niyə qonşu ölkələrə aid edilir?
26.10.2016 476 0.0 0
Son vaxtlar “Facebook” sosial şəbəkə istifadəçiləri bəzi sərhəd ərazilərdə paylaşım edərkən maraqlı bir faktla qarşılaşırlar. Belə ki, sərhəd rayonlarında olarkən mobil telefonların naviqator və xəritə sistemində ərazilərimiz çox zaman Ermənistan, Gürcüstan və yaxud da İran ərazisi kimi qeyd olunur. 
 
Bu da sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb olur. Bəziləri bu məsələdə Rabitə Nazirliyini günahlandırır, lazımi tədbirlərin görülməməsi ilə bağlı iradlar bildirirlər. Bəs bu məsələdə günahkar kimdir?
 
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məsələyə bu cür aydınlıq gətirdi: “Bu, istifadə olunan xəritə ilə bağlı ola bilər. Qlobal dünyada xəritələrdən istifadə edərək müxtəlif xidmətlər təklif edən şirkətlər var. Məsələn, “Google”, “Yandex” şirkətləri bundan istifadə edir. Və yaxud da müxtəlif xəritələrdən istifadə edərək xidmətlər təklif edirlər. Məsələn, “Facebook” qlobal resurslardan biridir və hansısa bir xəritəyə istinad edərək müxtəlif xidmətlər təklif edir, yerdəyişmə ilə bağlı və s. Burda hansı xəritələrdən istifadə edildiyi, peykdən alınan, yoxsa hansısa şirkətə məxsus olduğunu aydınlaşdırmaq, diqqət yetirmək lazımdır”.
 
Ekspert bildirdi ki, qeyd olunan problem ilə bağlı Rabitə Nazirliyini günahlandırmaq doğru deyil: “Mənə elə gəlir ki, Azərbaycanda xəritə ilə məşğul olan müvafiq rəsmi qurumları buna reaksiya verməlidir. Yəni əsas qlobal dünyada xəritə xidmətləri göstərən şirkətləri, sonuncu dəqiq, real, doğru məlumatla təmin edəsi qurum xəritə ilə məşğul olan qurumdur. Bunu Xarici İşlər Nazirliyi və ya Rabitə Nazirliyindən tələb etmək doğru olmaz. Xəritə ilə məşğul olan qurum modernləşməlidir. Dəfələrlə bunu vurğulamışıq ki, artıq qlobal dünyada bu məsələ genişlənir, Azərbaycanın müvafiq dövlət qurumlarında da buna uyğun adekvat addımlar atılmalıdır. Yəni, ən azı bir şöbə formalaşmalıdır, hansı ki, qlobal xəritə qurumları ilə iş aparan şöbə. Və onlar mütəmadi olaraq bunun monitorinqini aparmalıdır. Gərəkdir ki, həmin qurumlar yeni informasiyalar ilə təmin olunsun. Bu işdə bizdə problemlər var. 
 
Həmçinin sosial şəbəkə istifadəçiləri özləri “Facebook” rəhbərliyinə məlumat göndərə bilərlər. Kim deyirsə ki, “Facebook” burda qərəzlidir, mən bununla razı deyiləm. Onların əllərində hansı informasiya varsa, ondan istifadə edirlər. Ona görə də istifadəçilər tərəfindən məlumatların verilməsi, şikayətlərin edilməsi düzgün olardı. Amma iş görəsi qurum da xəritə ilə məşğul olan qurumdur”.
 
Məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, tezliklə məsələyə yazılı surətdə münasibət bildiriləcək./musavat.com/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar