2017 ci ildə dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozları açıqlandı
29.09.2016 1241 0.0 0

 2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.
 
Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.
 
Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1% təşkil edəcək.
 
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.
 
Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2% və ya 7855,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1370,0 mln. manat və ya 14,9% azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin 77,7%-i və ya 6100,0 mln. manatı ARDNF-dən transfertlər (cari ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat yaxud 19,9% az), 22,3%-i və ya 1755,0 mln. manatı isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar (cari ilin proqnozu ilə müqayisədə 145,0 mln. manat və ya 9,0% çox) təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1280,0 mln. manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 475,0 mln. manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 72,9 və 27,1%-ni təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 40,0 mln. manat və 105,0 mln. manat çoxdur.
 
Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8% və ya 8100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503,0 mln. manat və ya 6,6%, 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 mln. manat və ya 11,3% çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 67,3%-i və ya 5455 mln. manatı vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar, 27,2%-i və ya 2200 mln. manatı Dövlət Gömrük Komitəsindən daxilolmalar, 5,5 %-i və ya 445 mln. manatını isə digər gəlirlər təşkil edir. 2016-cı ilin proqnozu ilə müqayisədə vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar 55 mln. manat yaxud 1%, Dövlət Gömrük Komitəsindən daxilolmalar 390 mln. manat yaxud 21,5%, digər gəlirlər isə 58 mln. manat yaxud 15% çoxdur.
 
2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7210 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6100 mln. manatı ARDNF-dən transfertlərin, 2200 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445 mln. manatı isə digər gəlirlərin payına düşür.
 
2017-ci il dövlət büdcəsinin xərcləri ÜDM-in 26,6%-i səviyyəsində nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4,4 faiz-bənd azdır. 2017-ci il dövlət büdcəsinin xərcləri 16600 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1895 mln. manat və ya 10,2% az deməkdir.
 
2017-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 67,3%-i həcmində və ya 11174,8 mln. manat (əvvəlki ilə nisbətən 930,8 mln. manat və ya 7,7% az), əsaslı xərclərə ümumi xərclərin 22%-i həcmində və ya 3656,4 mln. manat (əvvəlki ilə nisbətən 957,9 mln. manat və ya 20,8% az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 10,7%-i həcmində və ya 1768,8 mln. manat  (əvvəlki ilə nisbətən 6,3 mln. manat və ya 0,4% az) vəsait yönəldiləcək.
 
2017-ci ildə dövlət büdcəsi xərclərinin 4884,4 mln. manatı və ya 29,4%-i konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. İqtisadi təsnifata uyğun olaraq, 2017-ci il dövlət büdcəsində əsas fondlara əsaslı vəsait qoyuluşu xərcləri  üçün (dövlət əsaslı vəsait qoyuluşu, əsas vəsaitlərin, xüsusi təyinatlı alışların həyata keçirilməsi, əsaslı tikinti, təmir və s.) 3656,4 mln. manat və ya xərclərin 22%-i həcmində, əməyin ödənişi üçün 4169,4 mln. manat və ya xərclərin 25,1%-i həcmində, sair xərclərin (ehtiyat fondları, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri və s.) maliyyələşdirilməsi üçün 1553,4 mln. manat və ya xərclərin 9,4%-i həcmində, subsidiyalar və cari transfertlər üzrə ödənişlər üçün 1103,1 mln. manat və ya xərclərin 6,6%-i həcmində, təqaüdlər və sosial müavinətlər üçün 2090,6 mln. manat və ya xərclərin 12,6%-i həcmində, dərman, sarğı ləvazimatlarının və materialların alınması üçün 209,7 mln. manat və ya xərclərin 1,3%-i həcmində, ərzaq məhsullarının alınması üçün 346,8 mln. manat və ya xərclərin 2,1%-i həcmində, kommunal və kommunikasiya xidmətləri haqqının ödənilməsi xərcləri üçün 435,7 mln. manat və ya xərclərin 2,6%-i həcmində, digər istehlak mal və materiallarının alınması üçün (inventar və avadanlığın alınması və digər alışlar və xidmətlər) 385,6 mln. manat və ya xərclərin 2,3%-i həcmində, idarənin saxlanılması üçün 273 mln. manat və ya xərclərin 1,6%-i həcmində, abadlaşdırma, geoloji-kəşfiyyat, topoqrafiya-geodeziya axtarış və elmi tədqiqat xidmətləri haqqının ödənilməsi üçün 198,9 mln. manat və ya xərclərin 1,2%-i həcmində, qrantlara və digər ödənişlərə 145,6 mln. manat və ya xərclərin 0,9%-i həcmində, öhdəliklər üzrə maliyyə əməliyyatlarına 1387,2 mln. manat və yaxud 8,4%-i həcmində, faizlər üzrə ödənişlərə 376,4 mln. manat və yaxud 2,3%-i həcmində, digər xərc maddələri üzrə 268,2 mln. manat və ya xərclərin 1,6%-i həcmində vəsait nəzərdə tutulub.
 
Dövlət büdcəsi xərclərinin strukturunun və tərtibi prosesinin təkmilləşdirilməsi və ünvanlılığın daha da artırılması istiqamətində işlərin davamı olaraq 2017-ci il dövlət büdcəsi xərclərində iqtisadi təsnifatın “Sair xərclər” paraqrafı üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 2016-cı illə müqayisədə 1022,0 mln. manat və ya 39,7% azalıb.
 
2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 41,1% olmaqla (əvvəlki illə müqayisədə 6,6 faiz-bənd çox), 6816,5 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2016-cı illə müqayisədə 422,9 mln. manat və ya 6,6% çoxdur.
 
2017-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 768,9 mln. manat vəsait nəzərdə tutulub.
 
İcmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılır. Fondun xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 mlrd. 370,6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 mlrd. 889,1 mln. manat və ya 2,4 dəfə çoxdur.
 
Azərbaycan Respublikasının 2017-ci il icmal büdcəsinin gəlirləri 19720,7 mln. manat və ya əvvəlki ilə nisbətən 5559,9 mln. manat (39,3%) çox, xərcləri 20967,2 mln. manat və ya əvvəlki ilə nisbətən 3599,4 mln. manat (14,7%) az nəzərdə tutulub.
 
2017-ci ilin icmal büdcəsinin kəsiri 1246,5 mln. manat və ya nəzərdə tutulan ÜDM-ın 2%-i Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9617,1 mln. manat və ya nəzərdə tutulan ÜDM-in 15,7%-i həcmində olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar