12 illik təhsilə keçid zamanı bəzi fənlərin birləşdirilməsi təklif edilir
31.10.2016 556 0.0 0

“12 illik təhsil barəsində danışarkən ilkin olaraq onun məzmunu götür-qoy olunmalı, bu barədə konkret qənaətlərə gəlinməlidir. Ənənəvi olaraq ümumi təhsilin səviyyələri arasında əlaqələr sadədən mürəkkəbə prinsipi əsasında qurulur. Bu, əslində 12 illik ümumi təhsilin səviyyələri arasında əlaqələr üçün də xarakterikdir. Lakin zəruri olan bir neçə məsələ var ki, onlar daha fərqli yanaşma tərzi kimi diqqət saxlanılmalıdır”.Məlumata görə, bu barədə Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasovun “Azərbaycan müəllimi” qəzetində dərc olunan məqaləsində deyilir.
 
Ə. Abbasov bildirib ki, ilk olaraq ümumi təhsilin məzmununu artıq hesab edilən təlim yükündən təmizləməkdən lazımdır: “Yeni konsepsiyaya uyğun hazırlanmış standart və kurikulumlar buna imkan verir. Sadəcə nəticələri əhatə etməklə müvafiq qabiliyyət və dəyərlərin mənimsənilməsini tələb edir. Bu qabiliyyət və dəyərlərin formalaşdırılması üçün zəruri hesab edilən bilikləri müəyyənləşdirmək və ondan istifadə etmək müəllimin ixtiyarına verilir. İkinci isə uyğun, bir-birinə daha yaxın olan fənlərin birləşdirilməsidir. Dünyanın qabaqcıl təhsil təcrübələrində bir-biri ilə bağlı olan fənlərin birləşdirilməsi qaydasından istifadə olunur. Ona görə də dil və ədəbiyyatı, təbiət elmləri ilə, eləcə də incəsənətlə əlaqədar fənləri ayrı-ayrılıqda birləşdirməklə xüsusi praktik yönlü fənlər yaratmaq və onlardan istifadə etmək olar. Bununla icbari təhsil pilləsində fənlərin sayını xeyli azaltmaq mümkündür”.
 
O qeyd edib ki, yuxarı siniflərdə isə təhsil prosesini təmayüllər üzrə təşkil etmək üçün yenə də yalnız aidiyyəti təmayül fənlərini müəyyən etməklə fənlərin sayını azaltmaq və lazımı biliklərin öyrədilməsinə şərait yaratmaq olar: “Bütün bunlar isə mövcud olan təkrarların, praktik əhəmiyyəti olmayan anlayış və qaydaların aradan qaldırılması ilə nəticələn bilər. Məktəb həm də 12 illik təhsil sisteminə keçməsi ilə inteqrativ xarakter daşımalı, bütün fəaliyyətlərin qurulmasında ona xüsusi önəm verilməlidir. İnteqrasiya ilkin olaraq təhsilin məzmun komponenti kimi təhsil səviyyələri üzrə səriştələrin (kompetensiyaların) müəyyən olunmasında, sonra həmin səriştələrə təminat verə biləcək fənlərin, yaxud fənn bloklarının yaradılmasında özünü büruzə verəcək”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar