
Azərbaycan filmi beynəlxalq festivalda mükafat qazandı.
Məlumata görə, Şamil Əliyevin “Çölçü” filmi İndoneziyada keçirilən "World Films Awards" Festivalının Beynəlxalq film bölməsində “Golen World Awards 2015” mükafatına layiq görülüb Golden World Awards 2015: Steppe man, directed by Shamil Aliyev - International film.
Mükafatlar 19 iyunda İndoneziyanın Cakarta şəhərində təqdim olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında 2012-ci ildə istehsal olunmuş Şamil Əliyevin “Çölçü” bədii filmi 28 (iyirmi səkkiz) Beynəlxalq Kino Festivallarında iştirak edib, 11 (on bir) mükafata layiq ğörülüb.
Bu festivallar A, B kateqoriyalı festivallardır. Belə ki, A kateqoriyasından olan Qahirə və Tallin Beynəlxalq Kinofestivalının əsas müsabiqəsində, B kateqoriyasından olan bir çox Film Festivallarında Azərbaycanı ilk dəfə təmsil edib.
Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Serbiya, Rusiya, Çexiya. Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna və Estoniya daxildir.
“Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
Filmin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur.../anspress/